×
A
A
A
Sazlamalar

Xocalı faciəsi dinc əhaliyə qarşı törədilən soyqırımı cinayətlərinin ən dəhşətlisidir

Qəbələ, 25 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Öz miqyasına və dəhşətli nəticələrinə görə heç bir tarixi hadisə ilə müqayisə olunmayan Xocalı soyqırımının törədilməsində əsas məqsəd Qarabağı və Azərbaycanın digər torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılılar şaxtalı fevral gecəsində özlərini qəhrəman kimi aparıb, təpədən dırnağa qədər silahlanan erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşub, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifə yazıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda keçirilən “Xocalı qətliamı Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir” adlı tədbirdə səsləndirilib.
Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qoruğun direktoru Zahir Kərimov çıxış edərək, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Qoruğun direktoru erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıb. Bildirilib ki, 30 illik işğaldan sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən aparılan uğurlu döyüş əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edilərək tarixi ədalət bərpa olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin əməkdaşı, mayor Samir Quliyev, Xocalı şəhərindən olan məcburi köçkün Kamal Məmmədov erməni millətçilərinin əsrlər boyu xalqımızın başına gətirdikləri müsibətlərdən bəhs ediblər. Çıxışlarda Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, faciəyə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Məktəblilərin ifasında Vətənə, Xocalıya, doğma torpağa həsr olunan şeirlər səsləndirilib.
Sonda Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.

 

Regionlar 2022-02-25 17:03:00