×
A
A
A
Sazlamalar

Belçikada Xocalı soyqırımına həsr olunmuş xatirə konserti VİDEO

Brüssel, 25 yanvar, AZƏRTAC

Brüsseldə nüfuzlu mədəniyyət mərkəzlərindən olan “Flaje” konsert zalında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş xatirə konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belçikadakı səfirliyinin təşkilatçılığı ilə keçirilmiş anım tədbirində Brüsseldə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, Avropa İttifaqı qurumlarında çalışan rəsmilər, ölkənin ictimai-siyasi xadimləri, elm, incəsənət, media və tədqiqat mərkəzləri nümayəndələri, Belçika, Hollandiya və Lüksemburqdan olan Azərbaycanlı icmaların nümayəndələri və soydaşlarımız iştirak edib.
Çıxış edən Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, bu soyqırımının Azərbaycan xalqının tarixində ən ağır və dəhşətli qara səhifə olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsinin nəticəsində 2020-ci ilin noyabr ayında Azərbaycan xalqının tarixi torpaqlarını geri qaytararaq Zəfər əldə etdiyini bildirib, hazırda orada gedən irimiqyaslı bərpa işlərindən danışıb.
Daha sonra konsert baş tutub, Avropanın müxtəlif ölkələrində yaşayan gənc soydaşlarımız Nərmin Nəcəfli (piano), Ağarəhim Quliyev (fleyta) və Əzizə Salahova (skripka) Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Mədəniyyət 2022-02-25 16:43:00

Video