×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Xocalıdan olan məcburi köçkün ailələrinə baş çəkiblər

Bakı, 25 fevral, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin ( MDU) bir qrup əməkdaşı Xocalıdan olan məcburi köçkün ailələrini ziyarət ediblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ailə üzvləri ilə görüşdə universitetin əməkdaşları ilə həmsöhbət olan Xocalı soyqırımının canlı şahidləri bəşər tarixində misli görünməmiş amansızlıqların baş verdiyi həmin qətliam gecəsindən, dinc, günahsız və əliyalın insanların başına gətirilən müsibətlərdən və qanlı cinayətlərdən danışıblar.
İllər ötsə də insanlıq əleyhinə olan bu dəhşətli hadisələrin heç zaman unudulmayacağını və soyqırımı qurbanlarının əziz xatirəsinin daim böyük ehtiramla yad ediləcəyini bildirən Xocalı sakinləri göstərilən diqqətə və dəstəyə görə təşəkkürlərini çatdırıblar.
Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da şəhid və məcburi köçkün ailələrinin ziyarət edilməsi, müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.

Regionlar 2022-02-25 16:40:00