×
A
A
A
Sazlamalar

Almaniyada Xocalı soyqırımına həsr olunmuş ənənəvi simpozium keçirilib VİDEO

Berlin, 25 fevral, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyi və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş növbəti, sayca 10-cu “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” mövzusunda simpozium keçirilib. Tədbir pandemiya səbəbindən mövcud olan məhdudiyyətlərlə əlaqədar onlayn formatda baş tutub.
AZƏRTAC xəbər verir ki, Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer simpoziumu açaraq Xocalı qətliamı və Ermənistanın işğalının səbəb olduğu digər nəticələrdən danışıb, hazırki postmünaqişə vəziyyətinin sülh üçün ümidlər yaratdığını qeyd edib.
Daha sonra çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbir iştirakçılarına Xocalı soyqırımı haqda ətraflı məlumat verib, bunu insanlığa qarşı cinayət adlandırıb. Qeyd edib ki, Xocalı soyqırımına görə cəzasız qalmasından ruhlanan Ermənistan Azərbaycan xalqına qarşı qətliam və cinayətlərini davam etdirib, o cümlədən 44 günlük müharibə dövründə Azərbaycanın münaqişə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrində mülki obyektlərə ballistik raketlərlə zərbə endirib. O, belə cinayətlərin təkrarlanmaması üçün beynəlxalq birliyin buna qarşı qətiyyətli mübarizə aparması və həmrəylik nümayiş etdirməsinin əhəmiyyətini vurğulayıb.
Səfir, həmçinin regionda postmünaqişə dövründə gedən proseslər, əldə edilmiş irəliləyişlər barədə ətraflı məlumat verib. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra davamlı sülh və regional əməkdaşlıq üçün yaranmış imkanlardan, eləcə də bunun üçün mövcud olan çağırışlardan danışıb, Azərbaycanın postmünaqişə dövrünə dair mövqeyindən bəhs edib. Ramin Həsənov Ermənistanın hərbi təcavüzünün, eləcə də Xocalı soyqırımının yaralarının hələ sağalmamasına baxmayaraq, Azərbaycanın artıq Ermənistanla üçtərəfli işçi qrupu və “3+3” platformasında iştirak etməsi münaqişənin başa çatmasından bəri iki dövlətin siyasi liderləri arasında 5 fiziki və onlayn görüşün baş tutması, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin Ermənistanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan etməsini vurğulayıb. Diplomat, həmçinin beynəlxalq birliyin, o cümlədən Almaniyanın işğaldan azad edilmiş ərazilərimizdə gedən yenidənqurma və regionda davamlı sülhün qurulması proseslərinə mümkün töhfələrindən danışıb.
Daha sonra tədbir Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdaninin moderatorluğu ilə panel müzakirələri ilə davam edib.
Panelin ilk iştirakçısı, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Xocalı qətliamından bəhs edib, ölkəmizin regionda davamlı sülh üçün iradə nümayiş etdirdiyini qeyd edib və Avropa İttifaqını özünün təcrübəsi və imkanlarından istifadə etməklə sülhün təşviqi üçün daha fəal olmağa çağırıb. Nurlan Həsənov eləcə də Milli Məclisin bu istiqamətdə həyata keçirdiyi parlamentar əməkdaşlıqdan bəhs edib və Bundestaqın hələ formalaşmaqda olan Almaniya-Cənubi Qafqaz parlament qrupu ilə sıx əməkdaşlıq edəcəklərinə ümidini ifadə edib.
Boxum Rur Universitetinin beynəlxalq hüquq üzrə mütəxəssisi Hans-Yoaxim Hayntse Ermənistan-Azərbaycan misalında münaqişə və postmünaqişə dövründə təbii ehtiyatlarla davranışa dair beynəlxalq hüququn tələbləri barədə məruzə ilə çıxış edib. O, Ermənistanın işğalı dövründə Azərbaycanın təbii ehtiyatlarının qanunsuz şəkildə istismar edilməsinin yaratdığı hüquqi məsuliyyətdən danışıb, belə fəaliyyəti beynəlxalq hüququn kobud şəkildə pozuntusu adlandırıb.
Alman türkoloqu, Qarabağ bölgəsinin tarixi üzrə mütəxəssis Mixael Hess Xocalı qətliamını Qarabağda yaşamış azərbaycanlıların faciəsi kimi dəyərləndirib. Qarabağ bölgəsinin mədəniyyət tarixindən danışan alim bölgənin tarixən dinc birgəyaşayışın nümunəsi olduğunu bildirib və burada yaşamış erməni əsilli şəxslərə yerli əhali tərəfindən tolerant yanaşmanı nümayiş etdirən misallar gətirib. M.Hess bu xüsusda münaqişə zamanı azərbaycanlılara və bölgənin tarixi-mədəni irsinə qarşı ermənilər tərəfindən xüsusi amansızlıq nümayiş etdirilməsinin heç nə ilə izah oluna bilmədiyini vurğulayıb.
Panelin sonuncu iştirakçısı 2021-ci ildə ADA Universitetinin qonaq elmi tədqiqatçısı olmuş, Şərqi Avropa və Cənubi Qafqaz üzrə mütəxəssis Urs Unkauf Xocalıda azərbaycanlı əhaliyə qarşı erməni qüvvələri tərəfindən həyata keçirilən amansız qətliamın qurbanlarının anılmasının həm də sülhə və dinc gələcəyə çağırış olduğunu bildirib. O, həmçinin post-münaqişə dövrünün geosiyasi reallıqları və Azərbaycanın uğurlu müstəqil siyasəti barədə məlumat verib, ölkəmizin davamlı sülhün təşəkkül tapması üçün konstruktivlik nümayiş etdirməsinə dair faktları göstərib. Urs Unkauf, həmçinin ADA Universitetinin qonaq elmi tədqiqatçısı qismində işğaldan azad edilmiş ərazilərə səfərindən təəssüratlarını bölüşüb, müşahidə etdiyi yenidənqurma işlərindən bəhs edib.
Onlayn tədbirdə Almaniyanın Xarici İşlər Nazirliyinin, siyasi, elmi və mədəni dairələrin, KİV-lərin, Almaniyada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xocalı faciəsi 2022-02-25 16:39:00

Video