×
A
A
A
Sazlamalar

İndoneziya KİV-i azərbaycanlı jurnalistlərin Xocalı soyqırımı ilə bağlı məqaləsi yayımlanıb

Cakarta, 25 fevral, AZƏRTAC
Azərbaycanlı jurnalist Əli Zülfüqaroğlunun və diaspor üzrə tədqiqatçı-ekspert Elnur Eltürkün Xocalı soyqırımı ilə bağlı birlikdə hazırladıqları məqalə İndoneziya KİV-də yayımlanıb.
AZƏRTAC xəbər verir ki, ANTARA Milli İnformasiya və “Miraj” Xəbərlər agentlikləri, “teropongpost.co.id”, “gpriority.co.id”, “warnaplus.com”, “kanalindonesia.com”, “kempalan.com” və digər mətbuat orqanlarında “Xocalı soyqırımı: bəşəriyyətə qarşı cinayət” başlığı və “Bu soyqırımı aktı bütün dünyanın gözü qarşısında baş verib” yarımbaşlığı ilə verilib. Yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncam imzalayıb.
Azərbaycanın İndoneziyadakı səfirliyinin dəstəyi ilə yayımlanan yazıda, həmçinin diqqətə çatdırılır ki, bütün dünyanın Xocalıda baş verənlərdən xəbəri olması zəruridir. Bu cür dəhşətli hadisələr bir daha təkrarlanmamalıdır. Ona görə də Xocalı soyqırımına ermənilərin təkcə azərbaycanlılara qarşı qətliamı kimi yanaşmaq doğru deyil. Xocalı soyqırımı bütün insanlığa qarşı yönələn cinayətdir, bütün dünya bunun hüquqi və siyasi qiymətini verməlidir”.
Məqalədə 1992-ci ildə Xocalı soyqırımının dünyanın nüfuzlu media orqanları tərəfindən də işıqlandırıldığı xatırladılır. “Washington Post”, “New-York Times”, “Reuters”, “Sunday Times”, “Times” kimi nəşrlərdən sitatlar verilir.
Xocalı soyqırımı nəticəsində konkret rəqəmlərlə itkilərdən və dəhşətli nəticələrdən söz açılan yazıda qeyd olunur ki, bütün bu vandallığı həyata keçirən erməni silahlı birləşmələrinə komandanlığı Ermənistanın sabiq prezidentləri Robert Köçaryan və Serj Sarkisyan ediblər və çox təəssüf ki, onlar hələ də cəzasızdırlar.
Yazıda bir çox ölkələrin Xocalı soyqırımını rəsmən tanıdığı və bu prosesin davam etdiyi önə çəkilərək vurğulanır: “Hesab edirik ki, digər ölkələr də ədalətin yanında olmalı və bəşəriyyətə qarşı törədilmiş bu soyqırımı aktına öz hüquqi və siyasi qiymətini verməlidir. Bunun üçün ciddi araşdırmaya ehtiyac yoxdur. Bu soyqırımı aktı bütün dünyanın gözü qarşısında baş verib və dünya mətbuatında məsələ ilə bağlı kifayət qədər məlumatlar var.
Bəşəriyyətə qarşı yönələn bu cinayətin bir daha təkrarlanmamasını arzu edirik. Buna görə də, bütün dünyada fəaliyyət göstərən həmkarlarımızı bu soyqırımı aktının daha çox işıqlandırmalarına və ədalətin öz yerini tapmasına dəstək verməyə çağırırıq”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Xocalı faciəsi 2022-02-25 16:37:00