×
A
A
A
Sazlamalar

Peşə təhsil müəssisələrində Xocalı soyqırımı qurbanları anılıb

Bakı, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar peşə təhsil müəssisələrində müəssisə rəhbərlərinin, tələbə və müəllim kollektivlərinin iştirakı ilə anım tədbirləri keçirilib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirlər çərçivəsində bir sıra peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti tərəfindən “Ana harayı” abidəsi və regionlarda yerləşən şəhidlər xiyabanları, Xocalı abidələri ziyarət edilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Peşə təhsil müəssisələrinin rəhbərləri çıxışları zamanı Xocalıda törədilən qırğınlardan söz açıblar. Qeyd olunub ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən də bəhs edilib.
Tələbələr Xocalı hadisələrinin başvermə səbəbləri, dinc sakinlərə qarşı törədilən qətliamlar haqqında təqdimatlarla çıxış ediblər. Soyqırımı qurbanları ilə bağlı videoçarx nümayiş olunub.

 

Elm və təhsil 2022-02-25 16:29:00