×
A
A
A
Sazlamalar

Bakıda Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkilib

Bakı, 25 fevral, AZƏRTAC

Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə növbəti iməcilik təşkil edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iməciliyin keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək orada 613 ədəd yeni, əsas etibarilə Eldar şamı, kiparis və digər ağaclar əkilib.
Keçirilən iməcilik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. İməcilikdə əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilib, ərazi üzrə cavabdehlər müəyyənləşdirilib.
Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

 

 

Xocalı faciəsi 2022-02-25 16:18:00