×
A
A
A
Sazlamalar

Monteneqroda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Podqoritsa, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Monteneqrodakı Mehmet Fatih Mədrəsəsində anım tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, Monteneqrodakı İslam icmasının rəhbəri, Baş müfti Rifat Feyziç Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət adlandırıb, Azərbaycanlıların sülhsevər xalq olmasına baxmayaraq, tarix boyu həmişə bəzi qonşuları tərəfindən təcavüzə və zorakılığa məruz qaldıqlarını bildirib. Bununla belə, Azərbaycanın bu zorakılıq və işğallara sinə gərdiyini, 44 günlük Vətən müharibəsində də ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında bundan sonra da hərtərəfli dəstəyini əsirgəməyəcəyini vurğulayıb.
Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Azərbaycana qarşı törədilmiş bu amansız soyqırımında 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfərin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini itirdiyi, 130 uşağın valideynlərindən birini itirdiyi, 76 uşaq olmaqla 487 nəfərin ağır yaralandığı, 1275 nəfərin əsir götürüldüyü və 150 nəfərin itkin düşdüyü barədə məlumat verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası ilə bir sıra ölkələrin və ABŞ ştatlarının Xocalı qətliamını soyqırımı kimi tanıdığını bildirib. 1990-cı illərdə Balkan ölkələrindəki müharibələr zamanı da soyqırımı hadisələrinin törədildiyini xatırladılıb, buradakı xalqların Azərbaycanın başına gətirilmiş faciələri daha həssaslıqla anladığını qeyd edilib.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər barədə daha ətraflı məlumat verən ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Azad Hacıyev bu faciəni törədənlərin cəzalandırılması məqsədilə Azərbaycan dövləti tərəfindən atılan siyasi və hüquqi addımları diqqətə çatdırıb.
Daha sonra Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlanmış slaydlar nümayiş etdirilib. Tədbirdən sonra iştirakçılar Xocalı soyqırımının vəhşiliklərini əks etdirən fotoşəkillərlə tanış olublar.
Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru S.Mirzəzadə tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair kitablar və təbliğat materialları mədrəsənin kitabxanasına hədiyyə edilib.
Həmçinin mədrəsənin Tuzi şəhərindəki əsas binasının üzərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş posterin proyeksiyası verilib və fevralın 26-na kimi nümayiş olunacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

Xocalı faciəsi 2022-02-25 16:06:00