×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Qardabanidə də ehtiramla anılıb

Tbilisi, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımı qurbanlarının xatirəsi Gürcüstanın Qardabani rayonunda da ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, Qardabani Gənclər Mərkəzinin (QGM) təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 30-cu ilönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra QGM-in icraçı direktoru Hacı Hacıyev çıxış edərək Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bildirib ki, bu soyqırımı aktı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş qanlı cinayətdir.
Sonra “Beez Uşaq Teatrı”nın gənc aktyorları “Ana laylası” adlı tamaşa göstəriblər. Tamaşa teatrın qurucusu və bədii rəhbəri Binəli İslamoğlunun ssenarisi əsasında hazırlanıb.
Daha sonra ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Xocalı soyqırımına dünya miqyasında hüquqi qiymətin verilməsi üçün Azərbaycan dövlətinin məqsədyönlü siyasətindən və aparılan fəal işlərdən danışıb. Bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və şanlı Ordumuzun rəşadəti nəticəsində 44 günlük Vətən müharibəsində bütün şəhidlərin qisası alınıb.
Türkiyənin Gürcüstandakı səfirliyinin dini işlər üzrə müşaviri Əhməd Erdem çıxışında ölkəsinin Azərbaycanla qardaş olduğunu qeyd edib və Azərbaycanın hər zaman yanında olduqlarını bildirib.
Anım mərasimində ziyalılar, ictimaiyyət nümayəndələri və müxtəlif qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak ediblər.
Mərasimin sonunda Xocalı şəhidlərinin ruhuna ehsan süfrəsi açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Qan yaddaşı 2022-02-25 15:58:00