×
A
A
A
Sazlamalar

YAP Xəzər rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 25 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Xocalı faciəsi xalqımıza qarşı törədilmiş amansız soyqırımı aktı idi. O deyib: “Vandal ermənilər tərəfindən Xocalıda azərbaycanlılar görünməmiş vəhşiliklə qətliama məruz qaldılar. 30 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində soyqırımı aktı törədildi. Şəhər yerlə yeksan edildi, 63 uşaq, 106 qadın, 70 qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə indiyə kimi naməlumdur. Xəsarət alanlardan 487 nəfəri şikəst olub, onlardan 76 nəfəri azyaşlıdır”.
Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində görülən işlərdən bəhs edən N.Əhmədov bildirib ki, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir. Kampaniyanın fəaliyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib”.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının məsləhətçisi Nəzrin Məmmədova qeyd edib ki, tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindən biri kimi erməni vandalizminin növbəti nümunəsi idi. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb.
Bildirilib ki, Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan Ordusu tarixi torpaqlarımızı azad etməklə yanaşı, Xocalı şəhərində erməni terrorçularının törətdiyi vəhşiliklərin də qisasını döyüş meydanında aldı.

 

Cəmiyyət 2022-02-25 15:28:00