×
A
A
A
Sazlamalar

Xaçmazda “Xocalını unutmayaq” adlı kompozisiya təqdim olunub

Xaçmaz, 25 fevral, Elxan Yusifli, AZƏRTAC

Xaçmazdakı Heydər Əliyev adına rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30 illiyinə həsr olunan “Xocalını unutmayaq” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə faciəyə həsr olunan kitab və rəsm sərgisi ilə tanış olublar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin, yerli hüquq mühafizə orqanlarının rəhbərlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin qatıldığı anım tədbirində Xocalı faciəsi qurbanları və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Xocalı soyqırımı haqqında məlumat verərək bildiriblər ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Tədbirdə nümayiş etdirilən filmdə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər və 44 günlük Vətən müharibəsində şanli ordumuzun qazandığı tarixi Qələbədən bəhs edilib.
Anım mərasimində yerli mədəniyyət işçiləri və məktəblilər tərəfindən nümayiş etdirilən ədəbi-bədii kompozisiya tamaşaçılara duyğulu anlar yaşadıb.

Regionlar 2022-02-25 15:27:00