×
A
A
A
Sazlamalar

Səfir: Ermənistan xalqı sülhpərvər qonşuluq naminə Xocalı qatillərini ədalətə təslim etməlidir

Kuala Lumpur, 25 fevral, AZƏRTAC

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar geniş məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, “Xocalı qurbanları 30 ildir ədalət axtarışında” başlıqlı məqalədə 26 fevral tarixinin Azərbaycanda “Xocalı Soyqırımı Günü “ kimi qeyd olunduğu, bu qanlı faciənin hələ də milyonlarla azərbaycanlının, eləcə də xaricdə yaşayan azərbaycanlıların yaddaşında qaldığı vurğulanıb. Belə bir vəhşətin yer üzündə bir daha təkrarlanmaması məqsədilə azərbaycanlıların Xocalı qatillərinin mühakimə edilməsi üçün ədalət arzuladığı bildirilib.
Məqalədə tarixi Azərbaycan torpağı olan Xocalı şəhəri barədə məlumat verilərək, burada görünməmiş zorakılıqla qətlə yetirilən günahsız azərbaycanlılardan bəhs olunub.
Yazıda Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudovun açıqlamalarına da yer verilib. Azərbaycanlı diplomata istinadla qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycan ərazilərinə qarşı həyata keçirdiyi işğal siyasətinin nəticələrindən biridir. Bu qətliam erməni millətçiləri və onların havadarları tərəfindən törədilib.
Xocalıda törədilənlərin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu deyən səfir qeyd edib: “Bu hadisə çox aydın şəkildə müharibə cinayəti və bəşəriyyətə qarşı cinayətdir. Beynəlxalq ictimaiyyətin bu qətliam barədə məlumatlılığı günbəgün artır. Qatillərin bir çoxu indi həyatdadır. Qonşuluqda davamlı sülh naminə, eləcə də bu ağır və günah dolu yükü çəkməmək üçün Ermənistan xalqı müqəssirləri ədalətə təslim etməlidir. Əks halda Ermənistanın gələcək nəsilləri üçün bu məsuliyyətin nəticələri ilə üzləşmək heç də asan olmayacaq”.
Qeyd edək ki, fevralın 24-də dərc olunmuş məqalə BERNAMA-nın xarici xəbərlər üzrə peşəkar jurnalisti Racamanikam Raviçandran tərəfindən qələmə alınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur

Qan yaddaşı 2022-02-25 15:10:00