×
A
A
A
Sazlamalar

Bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri - Xocalı soyqırımı

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən tədbir keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun icraçı direktoru biologiya elmləri doktoru, dosent Elşad Əhmədov bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımında əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, soyqırımın dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən bəhs edib.
İnstitutun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Səliqə Qazi dinc əhalinin necə amansızcasına və ağlasığmaz işgəncələrlə qətlə yetirilməsi barədə məlumat verib.
Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Şükür Quliyev Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxsin məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildiyini, 487 dinc sakinin ağır yaralandığını, 1275 nəfərin isə girov götürüldyünü diqqətə çatdırıb.
Parazitologiya laboratoriyasının böyük laborantı Aynur Hacıağayeva isə faciənin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərdən, keçirilən sərgilərdən və nümayiş etdirilən filmlərdən bəhs edib.

Elm və təhsil 2022-02-25 15:09:00