×
A
A
A
Sazlamalar

DSX-nin struktur qurumlarında və hərbi hissələrində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilir

Bakı, 25 fevral, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında, hərbi hissələrində və sərhəd bölmələrində Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin Aparatında, Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində keçirilən tədbirlərdə Xidmətin şəxsi heyəti iştirak edib.
Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilmiş tədbirdə hərbi qulluqçular əvvəlcə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olublar. Mərasimin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər erməni millətçiləri tərəfindən xalqımıza qarşı yüzilliklər boyu məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı kimi 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımın XX əsrdə bəşəriyyətin şahid olduğu ən dəhşətli hadisələrdən olduğunu vurğulayıblar. Qanlı qırğın zamanı 613 nəfər, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1275 nəfərin isə əsir götürülməsi, 8 ailənin isə tamamilə məhv edilməsi tariximizdə silinməz səhifə kimi qalacağı xüsusi qeyd olunub.
Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, soyqırımı qurbanlarının adlarının əbədiləşdirilməsi, fevralın 26-sının Xocalı Soyqırımı Günü elan edilməsi və bununla bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olunub.
Faciənin faktlarının və erməni millətçilərinin əsl simalarının beynəlxalq ictimaiyyətə ətraflı çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlər göstərməsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının bu istiqamətdə aparılan mühüm işlərdən biri olduğu qeyd olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində şanlı Qələbə qazandığı, Xocalı faciəsi qurbanlarının qisası alındığı, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulayıb. Tarixi Qələbənin əldə olunmasında qəhrəmanlıq göstərmiş, işğalçı qüvvələrə qarşı mətinliklə döyüşmüş Azərbaycan sərhədçilərinin hazırda bu torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını, milli maraqlarımızın müdafiəsini ən yüksək səviyyədə təmin etdikləri bildirilib.
Sonda Xocalı soyqırımına həsr olunmuş “Xocalı – bir millətin kədəri” sənədli filmi nümayiş etdirilib.

Qan yaddaşı 2022-02-25 14:55:00