×
A
A
A
Sazlamalar

Şahin Seyidzadə: Xocalı soyqırımı Azərbaycanın müasir tarixinin ən dəhşətli səhifəsidir

Bakı, 25 fevral, AZƏRTAC
Tarixin elə ağrılı səhifələri var ki, onların dəhşətləri zaman keçdikcə də unudulmur, yaraları daima bəşəriyyətin və insanlığın yaddaşında həkk olur. Azərbaycan xalqının müasir tarixində ən dəhşətli səhifələrindən biri olan və qan yaddaşımızda əbədi həkk olunan qanlı hadisədən - Xocalı soyqırımından 30 il ötür.
Erməni silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etməsi və dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutması illər və əsrlər keçsə də, yaddaşlardan silinməyəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Deputat bildirib ki, Xocalı faciəsi miqyasına görə Holokost və Xatın kimi tarixə düşmüş qanlı qətliamlarla müqayisə olunur.
Bu qətliam nəinki Azərbaycan xalqına qarşı törədilmiş vəhşilik, bütövlükdə bəşər tarixində erməni vandallarının insan təfəkkürünə sığışmayan vəhşiliklərinin qanla yazılmış tarixi izidir: “Törədilmiş vəhşiliklər nəticəsində yüzlərlə qadın, kişi, yaşlı, cavan, körpə qətlə yetirildi, yüzlərlə insan yaralandı, xəsarət aldı, şikəst oldu, əsir düşdü.
Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində çox az görülmüş vəhşiliklər fonunda Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də gələcəyə hesablanmış məqsəd güdürdülər. Onların əsas məqsədi insanların gözündə qorxu yaradaraq, Azərbaycan torpaqlarını işğal etmək, xalqımızın ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi”.
Ş.Seyidzadə diqqətə çatdırıb ki, Xocalı faciəsinə aparan yol hələ əsrin əvvəllərindən ermənilərin bu ərazilərdə süni məskunlaşdırıldığı zamanlardan başlamışdı. Əslində, bu faciə bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəni törətmək üçün Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdikləri andan hazırlaşırdılar.
“Xocalı soyqırımına hüquqi və siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra qiymət verilib. Məhz onun qətiyyətli siyasəti nəticəsində bu qanlı hadisə haqqında məlumatların beynəlxalq aləmə çatdırılması istiqamətində bir çox addımlar atılıb. 1994-cü ilin fevralında ulu öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırıb.
Bu gün ölkə rəhbərliyi tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Bu günədək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, İordaniya, Meksika, Pakistan, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan və onlarla digər ölkənin qanunverici orqanları tərəfindən müvafiq qətnamələr qəbul edilib”, - deyə Ş.Seyidzadə bildirib.
Onun sözlərinə görə, Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernatorları səviyyəsində tanınıb, 2013-cü ildə İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər insanlıq əleyhinə törədilmiş bu cinayətin tanınması istiqamətində zəruri səylər göstərməyə çağırış ediblər. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətliamını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.
“Bu gün Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Bakıda, respublikamızın rayonlarında, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın bir sıra ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb, onların xatirəsi hər zaman ehtiramla yad edilir”, - deyə deputat bildirib.

 

Xocalı faciəsi 2022-02-25 14:27:00