×
A
A
A
Sazlamalar

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar institutun Həmkarlar Komitəsinin sədri dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə faciə qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Öncə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov itirilmiş və işğal olunmuş torpaqlarımızın geri qaytarılması, Xocalı soyqırımı günahkarlarının beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılması istiqamətində aparılan məqsədyönlü işlərdən danışaraq, bu tədbirlərin yaxın zamanda öz nəticəsini verəcəyinə əminliyini ifadə edib. Əlavə edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsi ölkəmizin hərbi potensialının yüksək səviyyədə olduğunu göstərir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və torpaqlarımızın azad edilməsi fonunda Xocalı qurbanlarının qisası alınıb. Professor Misir Mərdanov faciədən 30 il ötməsinə baxmayaraq, bu gün də xalqımızın yaddaşında sağalmayan yara olduğunu vurğulayıb.
Tədbirdə “Cəsur döyüşçü”, eləcə də Cəbrayıl, Xocavənd, Füzuli rayonlarının azad olunmağına görə medallarla təltif olunmuş mayor Murad Şirinov və Tərtər, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmiş Rüstəm Əhmədli və Aprel döyüşlərinin iştirakçısı Elvin Əliyev çıxış ediblər.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Elm və təhsil 2022-02-25 13:50:00