×
A
A
A
Sazlamalar

Sabirabadda “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub

Sabirabad, 25 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad Rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə fevralın 25-də Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbirlər davam etdirilir.
Bayraq Muzeyində təşkil olunan tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad rayonunda fəaliyyət göstərən digər dövlət orqanlarının, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar öncə erməni cinayətkarlarının Xocalıda törətdiyi qətliamı özündə əks etdirən fotoşəkillərdən, kitablardan, dövri mətbuat materiallarından ibarət olan sərgiyə baxış keçiriblər. Daha sonra tədbir açıq elan olunub və Xocalı faciəsində həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, Xocalı soyqırımının xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini bildirib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilib. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Sonra Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının hazırladığı “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiyası nümayiş olunub.

Regionlar 2022-02-25 13:46:00