×
A
A
A
Sazlamalar

Xocalı qurbanlarının xatirəsi ADRA və YAP rəsmilərinin görüşündə anılıb

Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) üzrə YAP-ın aidiyyəti ərazi partiya təşkilatının iclası keçirilib. Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində baş tutan iclasda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin Aparatının rəhbəri Aydın Bəşirov bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə misilsiz igidlik nümunəsi göstərən qəhrəman Ordumuz şəhidlərimizin qanını yerdə qoymayıb. Agentlik kollektivinin də işgüzar, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq əməkdaşlardan ibarət olduğunu qeyd edən Aparatın rəhbəri əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının rolundan da danışıb.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, böyük ənənələrə sahib YAP ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalır. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ideologiyası əsasında formalaşan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, siyasi, iqtisadi, ictimai və demokratik inkişafı ilə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.
Toplantıda Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi əməkdaşlarının əksəriyyətinin Yeni Azərbaycan Partiyasına üzv olmaq arzusu ifadə edilib. Sonda agentlik üzrə Yeni Azərbaycan Partiyasının aidiyyəti ərazi partiya təşkilatının sədri vəzifəsinə qurumun Strateji inkişaf və kommunikasiya şöbəsinin aparıcı mütəxəssisi İmmiyə Zamanova seçilib.

Qan yaddaşı 2022-02-25 12:16:00