×
A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu deyib. Bildirib ki, 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqın, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı bu siyasətin davamı və kulminasiyasıdır. Öz ağlasığmaz
 qəddarlığı, qeyri-insani cəza üsulları ilə bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
“1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri əhalisi 7 min nəfər olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımının nəticələrini öz gözlərimlə görmüşəm. O şəhərin faciəsi, orada vəhşicəsinə qətlə yetirilmiş uşaqların soyuqdan don vurmuş cəsədləri ömür boyu yaddaşımdan silinməz. Soyqırımı baş verən tarixdən etibarən Xocalı faciəsinin dəhşətli həqiqətlərini o zamandan bu günə kimi iştirakçısı olduğum bütün beynəlxalq forumların tribunalarından yaymaqdayıq. Bu soyqırımının tanıdılması, erməni faşizmi və vandalizminin ifşa olunması üçün Qafqaz Müsəlmanları İdarəsi olaraq dünya ictimaiyyətinə müraciət edən ilk qurumlardan biri olmuşuq. 30 il ərzində hər il Azərbaycandakı dini konfessiyalarla bərabər dünya ictimaiyyətinə etdiyimiz müraciətlərdə tarixi həqiqətlər, Xocalı dəhşətləri öz əksini tapır. Müqəddəs İslam dinində buyurulur ki, bir insan fəsad törədərək bir insanı qətl edərsə, bütün bəşəriyyəti qətliam etmiş hesab olunur və Allah qarşısında cavab verəcəkdir”, - deyə A.Paşazadə vurğulayıb.
QMİ sədri qeyd edib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımı aktlarını pisləyir. Azərbaycan xalqı bu konvensiyaları rəhbər tutaraq Ermənistan Respublikasına qarşı Beynəlxalq Haaqa Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Bu bəşəri cinayəti törədənlər, öz layiqli cəzalarını almalıdırlar. Robert Köçəryan, Serjik Sarkisyan, eləcə də Seyran Ohanyan və digər Xocalı qatilləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
“Azərbaycan dövlətçilik tarixinə Zəfər salnaməsi yazmış Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmək qüdrəti nümayiş etdirdi. Azərbaycanda xalq-dövlət, ordu-xalq birliyi sayəsində tarixi Qələbə qazanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Aprel döyüşlərində, Vətən müharibəsində qazandığı zəfərlər şəhidlərimizin qanını yerdə qoymadı. Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, ruhunun dirçəliş məqamıdır. Öz faciələrinin ağrı-acısından yenidən toparlanaraq ucalan Azərbaycan xalqı müdrik rəhbərinin siyasi iradəsi ilə bu gün azad Qarabağda erməni faşistləri tərəfindən dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələri və ziyarətgahlarına yeni həyat verir, məscidlərimiz, habelə kilsə və sinaqoqlar yenidən qurulur, bərpa edilir, yandırılmış torpaqlarımıza yeni nəfəs verilir, abad kəndlər və şəhərlər salınır. Hamımız şahidik ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın Qarabağa hər bir səfəri zamanı dövlət əhəmiyyətli sənaye obyektlərinin təməlinin qoyulması ilə yanaşı azad olunmuş ərazilərimizdə vandalizmə məruz qalmış məscidlərimiz ziyarət edilir, dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması ilə bağlı əsaslı layihələr gerçəkləşdirilir. Şükürlər olsun, multikultural Azərbaycan dövlətinin tolerant dəyərləri artıq azad Qarabağda hökm sürməyə başlayıb. Milli-mənəvi dəyərlərimiz bizim qürur və güc mənbəyimizdir. Gənclər Forumunda Azərbaycan Prezidentinin bəyan etdiyi kimi: “Milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”. Milli-mənəvi dəyərlərə sadiqlik və bəşəri dəyərlərə ehtiram Azərbaycan xalqının təfəkkür meyarıdır. Biz Qarabağda mənəvi abidələrimizi dirçəldirik, məscidlərlə yanaşı kilsə və digər məbədləri yenidən qurur, bərpa edirik, erməni kilsəsi isə xristian dünyasının təəssübkeşliyini qazanmaq üçün qarayaxmalar yayır, Qarabağda guya kilsələrin dağıdılması barədə yalan, böhtanlar danışır, öz aqressiv münasibətini, qızışdırıcı fəaliyyətini davam etdirməkdədir. Çox təəssüf edirəm ki, Erməni kilsəsinin rəhbəri əlində İncil və xaç Xankəndiyə gələrək ermənilərə nicat verəcək sülh ideyalarını təşviq etmək, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmək əvəzinə yenidən müharibə, revanşizmə ruhlandırır. Din xadiminin yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına dünya ictimaiyyəti biganə qalmamalıdır”, - deyə A.Paşazadə bildirib.
Şeyxülislam deyib ki, Azərbaycan dövləti və xalqı qalibdir. Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə bölgənin taleyini dəyişdirir, yeni tarixini yazır, siyasi qələbəsini iqtisadi, mənəvi müstəvilərdə davam etdirir. O, bu tarixi Qələbənin əldə olunmasında Azərbaycanın yanında olmuş, dəstəyini nümayiş etdirmiş dövlətlərə, xüsusilə qardaş Türkiyə dövlətinə dərin minnətdarlığını bildirib. Həmçinin diqqətə çatdırıb ki, Şuşa Bəyannaməsinin təsdiqi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin qardaşlıq bağlarını daha da möhkəmləndirdi, birliyimizi dünyaya bəyan etdi. Azərbaycan dövləti hər zaman şəhidlərin xatirəsini uca tutur. Allah bütün şəhidlərimizə, Vətən torpağı yolunda canını fəda etmiş bütün qəhrəman Vətən övladlarına, xüsusilə Xocalı soyqırımı qurbanlarına rəhmət eləsin.
“Azərbaycandakı dini konfessiyalar olaraq biz hər zaman - xoş gündə də, ağır məqamlarda da dövlətimizin maraqları naminə birlikdə mövqe nümayiş etdirir, Vətən torpağı uğrunda eyni səngərdə şəhidlər vermişik. Milli birliyimizin əsasını təşkil edən bu multikultural dəyərlərimiz bizim gücümüzü artıran, bütün sahələrdə qələbəmizə təkan verən ümummilli sərvətdir. Bu gün - Xocalı faciəsinin 30-cu ildönümü ərəfəsində biz, Azərbaycandakı bütün dini konfessiyalar bir araya gələrək bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara və parlamentlərə birgə bəyanatla müraciət edir, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsinə çağırırıq. Xocalı qətliamının beynəlxalq müstəvidə soyqırımı kimi tanınmasına nail olmaq Azərbaycanın dini konfessiya rəhbərləri olaraq bizim Uca Yaradanımız və bəşəriyyət qarşısında müqəddəs borcumuzdur. Dualar edirik ki, bayrağımız həmişə uca olsun, dövlətçiliyimiz möhkəmlənsin, milli-mənəvi dəyərlərimiz, birliyimiz heç bir vaxt sarsılmasın! Uca Allah dövlətimizi və xalqımızı hər zaman qalib, dövlət rəhbərimizi həmişə müzəffər qərar versin!”, - deyə QMİ sədri əlavə edib.
Sonra Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri çıxış edərək erməni cəlladlarının və onların havadarlarının Xocalıda törətdikləri qırğının XX əsrin ən qanlı faciələrindən biri olduğunu bildiriblər. Vurğulanıb ki, xalqımız Xocalı faciəsini heç zaman unutmayacaq və bu qətliam hər bir azərbaycanlının qan yaddaşında daim qalacaqdır.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin XX əsrin qanlı faciələrindən biri olan, insanlıq əleyhinə ən ağır hərbi cinayətlər sırasında yer alan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar dünya dini liderlərinə, beynəlxalq təşkilatlara, parlamentlərə və dünya ictimaiyyətinə müraciəti qəbul edilib.
Sonda tədbirdə iştirak edən Xocalı faciəsi qurbanlarının ailələrinə maddi yardım göstərilib, onlara “Qurani-Kərim” hədiyyə edilib.

 

Din 2022-02-22 17:18:00