×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi gələcəyin müəllimləri üçün proqramlaşdırma üzrə təlimlərə başlayıb

Bakı, 22 fevral, AZƏRTAC

Təhsil Nazirliyi, “Rəqəmsal bacarıqlar” layihəsi və “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri üçün “Gələcək üçün kod” adlı təlimlərə start verilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd ADPU-nun tələbələri arasında məktəblərdə informatika fənninin tədrisi üçün ixtisaslı kadrların hazırlanması, onlarda proqramlaşdırma, kodlaşdırma və digər bu kimi bilik və bacarıqların aşılanmasıdır. Təlimlərə informatika, riyaziyyat və informatika ixtisasları üzrə təhsil alan IV-V kurs tələbələri, o cümlədən “SABAH” qruplarının tələbələri cəlb olunub.
Layihə çərçivəsində 300 tələbə arasından 166-sı təlim keçmək üçün seçilib. Tələbələr mayın sonunadək həftədə 3 dəfə proqramlaşdırma bacarıqları üzrə, həftədə 2 dəfə məktəb dərslərində əyani təcrübə keçəcəklər. Tələbələrə “Alqoritmika” beynəlxalq məktəbinin təlimçiləri tərəfindən təlim keçirilməsi nəzərdə tutulur.
Təlimlərin mövzusu və proseslə bağlı tələbələr üçün 2 onlayn sessiya və sorğu təşkil edilib. Bununla yanaşı, ADPU-nun rektoru Cəfər Cəfərov və universitetin digər nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Eyni zamanda, təlimlərin təşkili üçün “Alqoritmika” beynəlxalq məktəbi universitetin müvafiq kafedraları ilə birgə razılaşdırılmış təlim modulları hazırlayıb. Layihə çərçivəsində informatika kabinetləri yaradılaraq ən müasir kompüter və digər zəruri texniki avadanlıqlarla təchiz edilib. Bu isə öz növbəsində təhsilalanların ehtiyacları üçün münasib olan sürətli və təhlükəsiz internetə çıxışın təmin olunmasıdır.
Qeyd edək ki, ADPU müxtəlif pillələr üzrə təhsil müəssisələrini vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub.

Texnologiya 2022-02-22 15:23:00