×
A
A
A
Sazlamalar

QMİ sədri: Multikultural Azərbaycan dövlətinin tolerant dəyərləri artıq azad Qarabağda hökm sürməyə başlayıb

Bakı, 22 fevral, AZƏRTAC

Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşı və eyni zamanda, ruhunun dirçəliş məqamıdır. Öz faciələrinin ağrı-acısından yenidən toparlanaraq ucalan Azərbaycan xalqı müdrik rəhbərinin siyasi iradəsi ilə bu gün azad Qarabağda erməni faşistləri tərəfindən dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələri və ziyarətgahlarına yeni həyat verir, məscidlərimiz, habelə kilsə və sinaqoqlar yenidən qurulur, bərpa edilir, yandırılmış torpaqlarımıza yeni nəfəs verilir, abad kəndlər və şəhərlər salınır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülilsam Allahşükür Paşazadə Xocalı soyqırımının ildönümü ilə bağlı fevralın 22-də keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Hamımız şahidik ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın Qarabağa hər bir səfəri zamanı dövlət əhəmiyyətli sənaye obyektlərinin təməlinin qoyulması ilə yanaşı, azad olunmuş ərazilərimizdə vandalizmə məruz qalmış məscidlərimiz ziyarət edilir, dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması ilə bağlı əsaslı layihələr gerçəkləşdirilir. Şükürlər olsun, multikultural Azərbaycan dövlətinin tolerant dəyərləri artıq azad Qarabağda hökm sürməyə başlayıb. Milli-mənəvi dəyərlərimiz bizim qürur və güc mənbəyimizdir”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib.

Din 2022-02-22 14:50:00