×
A
A
A
Sazlamalar

Elektron jurnal layihəsinin tətbiqi genişləndirilir

Bakı, 21 fevral, AZƏRTAC

Pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşması məqsədilə bu istiqamətdə təlimlər keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim elektron jurnal və gündəlik platformasının əsas bölmələrinin işlənməsi, dərs cədvəlinin tərtibi, elektron profilin tənzimlənməsi və şagird bölməsi ilə iş mövzularını əhatə edib. 114 nəfər peşəkar təlimçinin iştirakı ilə təşkil olunan təlimlərə 13 min 777 müəllim və inzibati-idarəetmə heyətinin 450 əməkdaşı qatılıb.
Qeyd edək ki, 2020-2021-ci tədris ilindən etibarən ölkənin seçilmiş təhsil müəssisələrində “e-Jurnal” layihəsinin tətbiqi prosesinə başlanılıb.
Hazırda Bakı, Sumqayıt və 11 bölgəni əhatə edən 204 təhsil müəssisəsində elektron jurnal və gündəlik layihəsi tətbiq olunur.

Texnologiya 2022-02-21 15:32:00