×
A
A
A
Sazlamalar

BDU: “Blackboard” rəqəmsal tədris platformasının Azərbaycan dilində variantı istifadəyə veriləcək

Bakı, 18 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) ABŞ-ın təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində dünya lideri olan “Blackboard” şirkətinin nümayəndələri ilə hesabat xarakterli görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Görüşdə rektor Elçin Babayev bu elektron platformanın BDU-da tətbiq olunması üçün layihənin təşəbbüskarı və dəstəkçisi olan ADA Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. O, layihənin BDU-ya qazandırdığı üstünlüklər barədə məlumat verib. Rektor vurğulayıb ki, BDU “Blackboard” platforması ilə 2021-ci ilin martından əməkdaşlığa başlayıb. İndiyədək BDU tərəfindən platformada 27275 istifadəçi qeydiyyatdan keçib. Onlardan 23 minə yaxını tələbə, qalanı isə akademik və inzibati heyətdir.
“Blackboard” şirkətinin regional vitse-prezidenti Xuan Aleqret təmsil etdiyi şirkətin BDU ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Şirkətin regional layihə rəhbəri Bazel Abu-Xiran qeyd edib ki, bu ilin ikinci rübündə “Blackboard” sisteminin audio-video funksiyalarında ediləcək yenilənmələr sayəsində platformanın gücü daha da artacaq, internet sürətinin dəyişməsindən yaranan problemlər ciddi şəkildə azalacaq.
Görüşdə məlumat verilib ki, BDU-nun təklifi ilə bu ilin aprel-may aylarında sistemin Azərbaycan dilində variantı da istifadəyə veriləcək.
Sonra ADA və BDU arasında “Blackboard”un tətbiqi ilə bağlı əməkdaşlığın genişlənməsi və universitet heyətlərinin bu sahədə birgə fəaliyyətləri də müzakirə olunub.
Görüşdə, həmçinin “Blackboard” şirkətinin nümayəndəsi Mustafa Güçlü, ADA Universitetinin prorektoru Vəfa Kazdal, BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev, “Blackboard” layihəsinin BDU-da tətbiqi üzrə layihə meneceri Şəbnəm Səfərova, universitetin Fakültə işləri və akademik idarəetmə üzrə direktoru Samirə Rəsulova iştirak ediblər.
Qeyd edək ki, “Blackboard” - tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradır.

Texnologiya 2022-02-18 11:32:00