×
A
A
A
Sazlamalar

Süni intellekt texnologiyalarının tətbiqi ilə yeni jurnalistikanın formalaşması problemləri araşdırılır

Bakı, 17 fevral, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda tədqiqat işlərinin müzakirələrinə həsr olunmuş onlayn elmi seminarlar davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti seminarda müəssisənin baş mütəxəssisi Sünbül Zalova “Süni intellektə əsaslanan jurnalistikada problem və perspektivlər” mövzusunda dissertasiya işini təqdim edib. O, müasir dövrdə texnologiyanın inkişafının müxtəlif sahələrə tətbiqi ilə yeni jurnalistika istiqamətlərinin yarandığını, internet jurnalistika, robot jurnalistika, süni intellektə əsaslanan jurnalistika, dron jurnalistika və s. kimi sahələrin meydana gəldiyini diqqətə çatdırıb.
“İKT və təbii dilin təkamülü nəticəsində ənənəvi xəbər istehsalı dəyişərək yeni imkanlar əldə etməkdədir. Belə ki, artıq proqram təminatının köməyi ilə avtomatik şəkildə mətni baza məlumatlarından təbii dilə çevirmək mümkündür. Xəbərlərin avtomatik, multimedia resurslarının imkanlarından geniş istifadə olunaraq yaradılması bir ənənə halını almaqdadır”, - deyə məruzəçi əlavə edib.
Tədqiqatçı qeyd edib ki, dissertasiya işinin əsas məqsədi süni intellektə əsaslanan jurnalistikanın problemləri və perspektivlərinin müəyyənləşdirilməsi, mövcud problemlərin həlli üçün təkliflərin işlənilməsidir.
Onun sözlərinə görə, dissertasiya işi çərçivəsində süni intellekt jurnalistikası sahəsində beynəlxalq təcrübənin araşdırılması, perspektivlər və problemlərin müəyyənləşdirilməsi, Azərbaycanda bu sahədə mövcud vəziyyətin öyrənilməsi, sosial şəbəkələrdə süni intellekt jurnalistikasından daha səmərəli istifadə üçün təkliflərin işlənməsi, virtual məkanda süni intellekt jurnalistikası ilə bağlı ortaya çıxan problemlərin aradan qaldırılması üçün təkliflərin hazırlanması nəzərdə tutulur.
Məruzə ilə bağlı fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev mövzunun aktuallığını qeyd edərək süni intellektin artıq jurnalistikanın bütün sahələrində geniş tətbiq olunduğunu, bu istiqamətdə tədqiqatların aparılmasının müasir dövrün tələbi olduğunu vurğulayıb.
“Müasir çağırışlar kontekstində jurnalistikada gedən proseslərin araşdırılması, süni intellekt texnologiyalarının tətbiqi ilə yeni jurnalistikanın formalaşması problemləri və həlli yollarının tədqiqi dissertasiya işinin əsas ideyasıdır”, - deyən akademik əlavə edib ki, tədqiqatçı bu məqsədlə süni intellekt texnologiyalarını yaxşı mənimsəməli, sivilizasiya tarixində baş verən informasiya inqilablarını araşdırmalı, müxtəlif sistemlərin iş prinsipini öyrənməlidir.

Texnologiya 2022-02-17 15:27:00