×
A
A
A
Sazlamalar

BDU: “TEKNOFEST Azərbaycan” festivalına 25 layihənin təqdim olunması nəzərdə tutulur

Bakı, 16 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına qatılmaq üçün hazırlıq işləri davam edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən festivala 25 layihənin təqdim olunması nəzərdə tutulur. Onlardan 6 layihə 3D çap texnologiyaları, 6 layihə PUA və model peyk (uçuş texnologiyaları), 5 layihə yaşıl texnologiya, 3 layihə aqrar texnologiya, 1 layihə robototexnika, 4 layihə isə sosialyönümlü texnologiya kateqoriyası üzrə təqdim ediləcək.
BDU tələbələri fərdi qaydada da festivala layihə təqdim edə bilərlər.
“TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur.
Azərbaycan ilk dəfə 2021-ci ildə “TEKNOFEST”də iştirak edib. Festivalın Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.
“TEKNOFEST Azərbaycan” tədbirinin 2022-ci il mayın 26-dan 29-dək “Bakı Kristal Zalı” və Dənizkənarı Bulvar ərazisində keçirilməsi planlaşdırılır. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.
Festival çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” videooyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEAM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.
Tədbirin əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobotika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

Texnologiya 2022-02-16 17:41:00