×
A
A
A
Sazlamalar

Dövlət Neft və Sənaye Universitetində Alqoritmika informasiya texnologiyaları kurslarına start verilib

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyinin təşəbbüsü ilə Alqoritmika informasiya texnologiyaları kurslarının keçirdiyi “CODE FOR FUTURE” təhsil layihəsinin açılış tədbiri olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə rektorun informasiya texnologiyaları və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev veb-tərtibatçılıq və Sistem inzibatçılığı proqramlarının tədris olunacağı layihənin 300 tələbəni əhatə edəcəyini deyib.
Təhsil Nazirliyi ilə birgə həyata keçirilən belə bir layihənin tərəfdaşı olmaqdan məmnun qaldığını deyən ADNSU-nun rektoru professor Mustafa Babanlı tələbələrin göstərilən etimadı doğruldacağına inamını ifadə edib. ADNSU-da texniki ixtisaslarda təhsil alan tələbələrlə yanaşı, 15 əməkdaşın da proqramlaşdırma sahəsində biliklərinin artırılması üçün layihənin kifayət qədər geniş imkanlar yaratdığını qeyd edən M.Babanlı bu baxımdan gənclərin böyük məsuliyyət daşıdığını vurğulayıb.
Nazirliyin nümayəndəsi Ülkər Səttarova çıxış edərək layihənin əhəmiyyətindən danışıb və gənclər üçün proqramlaşdırma sahəsində geniş imkanlar və perspektivlər yaratdığını deyib.
Sonra layihə meneceri Nəzrin Əliyeva 2021-2022-ci tədris ilinin yaz semestrini əhatə edən layihə haqqında geniş təqdimatla çıxış edib. Layihənin məqsədi, kursun mərhələləri, tərəfdaşlar, proqram təminatı, tədris olunacaq proqramlaşdırma dilləri və digər mövzularda tələbələrə ətraflı məlumat verib.
Qeyd edək ki, informasiya texnologiyaları kursları (bootcamp) Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində ADNSU-da 2021-2022-ci tədris ilinin yaz semestrini əhatə edəcək. Kurslarda ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri iştirak edirlər. Layihənin məqsədi tələbələrin “junior” səviyyədə mütəxəssis kimi yetişdirilməsidir.

Texnologiya 2022-02-16 11:32:00