×
A
A
A
Sazlamalar

Azərbaycan nümayəndə heyəti Misirdə keçirilən Beynəlxalq Vəqflər Konfransında iştirak edir

Qahirə, 12 fevral, AZƏRTAC

Misirin paytaxtı Qahirə şəhərində bu ölkənin Prezidenti Əbdülfəttah əl-Sisinin himayəsi ilə Beynəlxalq Vəqflər Konfransı öz işinə başlayıb. Tədbirdə ölkəmizi Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti hacı Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan və “Vətəndaş həmrəyliyinin qlobal sülh və sosial barışığın təmin edilməsində rolu” mövzusunda keçirilən konfransın iştirakçıları gündəlikdə olan məsələlərlə bağlı müzakirələr aparıblar.
AZƏRTAC xəbər verir ki, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan və digər ölkələrdən olan din xadimlərinin iştirak etdiyi konfransın açılışında çıxış edən Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə dünyada baş verən mürəkkəb proseslər fonunda müftilərin və ilahiyyatçı alimlərin bir araya gəlməsini mühüm hadisə adlandırıb. O əlavə edib ki, İslam həmrəyliyi bütün müsəlman ölkələri üçün vacib amildir və dini vəqflərin bu məsələdə böyük rolu var.
Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində Misirin Vəqflər Nazirliyinin rəhbərliyi ilə görüş keçirib. Cibutinin mədəniyyət və vəqflər naziri Mumin Həsən Berrinin də iştirak etdiyi görüşdə dini vəqflər və ilahiyyatçılar arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Din 2022-02-12 13:47:00