×
A
A
A
Sazlamalar

Smartfon qanın laxtalanmasını müəyyənləşdirə biləcək

Bakı, 11 fevral, AZƏRTAC

Amerikalı həkimlər qanın laxtalanmasını smartfon vibrasiya mühərriki və kameralarının köməyilə tez müəyyənləşdirməyi öyrəniblər. Alimlər ümid edirlər ki, bu yanaşma tromb yaranmasına qarşı dərman içən pasiyentlərin həyatını asanlaşdıracaq. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, smartfon tətbiqini işləyib-hazırlayanlardan biri, Vaşinqton Universitetinin professoru Şiyam Qollakotanın sözlərinə görə, əvvəllər həkimlər qanın laxtalanma sürətini qiymətləndirmək üçün sınaq borularını əllə silkələməli olurdular. Bu prosedur çox qan tələb edir və onu evdə həyata keçirmək mümkün deyil. Yeni alqoritmlər smartfon vibrasiya mühərriklərinin köməyilə bənzər ölçməni tam avtomatik həyata keçirməyə imkan yaradır.
Qanın laxtlalanmasında iştirak edən hüceyrə və zülalların işindəki pozulmalar çox vaxt orqanizmin fəaliyyətində təhlükəli pozulmalara gətirib çıxarır. Onların aktivliyinin aşağı səviyyəsi daxili qanaxma riskini artırır, həddən artıq yüksək səviyyəsi isə böyük damarlarda trombların yaranmasına, insult və infarktın baş verməsinə şərait yaradır.
Belə hallarda həkimlər pasiyentlərə trombların yaranmasına qarşı preparatlar yazırlar. Onların təsirinin effektivliyi orqanizmin fərdi xüsusiyyətindən asılıdır. Ona görə də həkimlər və xəstələr bu və ya digər dərmanın qanın laxtalanmasına necə təsir etdiyini daim izləməyə məcburdurlar.
Ş.Qollakota və onun həmkarları bu proseduru sürətləndirən və avtomatlaşdıran alqoritm işləyib-hazırlayıblar. Alimlərin sözlərinə görə, bunun üçün yalnız qanın laxtalanmasını sürətləndirən sadə reagent dəsti, habelə kameralı və vibrasiya motorlu smartfon lazımdır.
Bu tətbiqin işi ona əsaslanır ki, qanın laxtalanması zamanı çoxlu zülal lifi yaranır və bu, mayedə nə varsa, onun hərəkətinə mane olur. Qan nə qədər tez laxtalanırsa, müvafiq olaraq hissəciklərin hərəkəti də bir o qədər tez ləngiyir.
Həmin mülahizəni əsas götürən alimlər bir damla laxtalanan qana mis mikrozərrəciyi yerləşdiriləndən, eləcə də müxtəlif vibrasiyalara məruz qalandan sonra mayedə hərəkətin necə dəyişdiyini izləyiblər. Eksperiment göstərib ki, belə müşahidələr qanın laxtalanmasını eynən laboratoriya testləri kimi yüksək dəqiqliklə qiymətləndirir.
Bu yanaşmanın sadəliyi alimləri smartfon əsasında test sistemi, eləcə də 3D-printerdə çap edilmiş xüsusi qan qabı yaratmaq fikrinə yönəldib.
Alimlər öz hazırladıqlarını universitetin klinikasına müraciət etmiş 140 könüllü, habelə qan laxtalanması olan 80 nəfər üzərində yoxlayıblar. Sonrakı təcrübələr göstərib ki, smartfon üçün tətbiq kommersiya test sistemləri kimi eyni dərəcədə effektiv olub.
Tədqiqatçıların fikrincə, bu cür yanaşma risk qrupundan olan pasiyentlərdə qan laxtalanmasının diaqnostika və monitorinqini nəinki asanlaşdıracaq, eyni zamanda, bu cür prosedurları pasiyentlər üçün tibb laboratoriyalarının əlçatan olmadığı inkişaf etməkdə olan ölkələrdə geniş tətbiq etməyə imkan verəcək.

Texnologiya 2022-02-11 19:40:00