×
A
A
A
Sazlamalar

“Baku Skills” müsabiqəsi ilə bağlı tələbələr üçün infosessiya təşkil olunacaq

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “TEKNOFEST” əsasında “TEKNOFEST Azərbaycan” tədbiri təşkil olunacaq.
Tədbir çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi tərəfindən təşkil olunur. “Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir.
Azərbaycan Dövlət İqtisad Universitetindən AZƏRTAC-a bildirilib ki, fevralın 15-i saat 17:30-da “Baku Skills” yarışması haqqında tələbələri ətraflı məlumatlandırmaq və sualları cavablandırmaq üçün Təhsil İnstitutu və “STEAM Azerbaijan” layihəsi tərəfindən sonuncu onlayn infosessiya təşkil olunacaq.
Yarışmada 3D modelləşdirmə və çap sahəsində marağı və biliyi olan bütün tələbələr iştirak edə bilər. “Baku Skills” (3D modelləşmə, 3D çap) kateqoriyası üzrə yarışmada iştirak etmək hüququ qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. I, II və III yerlərin sahibi olacaq komandalar və onların rəhbərləri üçün pul mükafatları nəzərdə tutulur.

Texnologiya 2022-02-11 12:44:00