×
A
A
A
Sazlamalar

Azərbaycanda ilk dəfə süni ürək köçürülməsi əməliyyatı uğurla icra edilmişdir

Bakı, 21 yanvar (AzərTAc). Azərbaycanda son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun qabaqcıl ölkələrin səhiyyə sisteminə inteqrasiya olunmasına zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun artmasına səbəb olmuşdur. İndi ölkəmizdə böyrək köçürülməsi əməliyyatları adi hala çevrilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin sifarişçisi olduğu Mərkəzi Klinik Ambulatoriyanın yenidən qurulması da dövlət proqramlarının həyata keçirilməsi istiqamətində ən uğurlu addımdır. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi Cəmil Əliyevin rəhbərliyi ilə ölkə səhiyyəsi bir sıra uğurlara imza atmışdır. Mərkəzi Klinik Xəstəxanada uğurla icra edilən süni ürək köçürülməsi əməliyyatı da bu uğurlardan biridir.
Azərbaycanda ilk dəfə aparılan süni ürək köçürülməsi əməliyyatı zamanı xəstəyə ABŞ istehsalı olan “HeartMate 2” süni ürək cihazı implantasiya edilmişdir.
AzərTAc xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev yanvarın 21-də keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
K.Musayev demişdir ki, bu əməliyyat Mərkəzi Klinik Xəstəxanada 44 yaşlı Balakən sakini İbrahim Mənsurovun üzərində aparılmışdır. Yataq xəstəsi olan və ağır dozada dərmanlardan istifadə edən xəstənin bütün digər orqanlarında da ciddi pozulmalar var idi. Dilatasiob kardiomiopatiya xəstəliyindən uzun müddət əziyyət çəkən xəstə ixtisaslaşmış kardioloqlar tərəfindən hərtərəfli müayinədən keçirilmiş və ona uzunmüddətli süni ürək cihazı köçürülməsi məsləhət görülmüşdür. Hazırda xəstənin süni ürək cihazı öz funksiyasını normal yerinə yetirir və onun yaxın günlərdə evə buraxılması planlaşdırılır.
Qeyd edilmişdir ki, bu əməliyyatların milli kadrlar tərəfindən aparılması Azərbaycan səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsini göstərir.
Xəstə İ.Mənsurov demişdir: ”Gördüyünüz kimi, vəziyyətim yaxşıdır. Bu xəstəlikdən uzun müddət idi ki, əziyyət çəkirdim. Müalicə üçün qonşu Gürcüstana da getmişdim, lakin orada məni xəstəxanaya götürmədilər. Son ümid yeri kimi Mərkəzi Kliniki Xəstəxanaya gəldim. Həkimlər məni müayinə etdikdən sonra əməliyyat aparılmasını məsləhət bildilər. İndi ayaq üstə gəzə bilirəm. Respublikamızda belə beynəlxalq səviyyəli klinikanın yaradılmasına görə dövlətimizin başçısına minnətdaram. Eyni zamanda, mənə ikinci dəfə həyat bəxş edən həkimlər və tibb bacılarına təşəkkür edirəm. Artıq ürək əməliyyatı üçün xaricə getməyə heç bir ehtiyac yoxdur”.
Süni ürək köçürülməsi kifayət qədər kompleks bir əməliyyatdır. Sevindirici haldır ki, artıq Azərbaycanda süni ürək cihazının köçürülməsi reallığa çevrilmişdir. Prezident İlham Əliyevinin müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz edilməsini, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Bu gün səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası uğurla davam etdirilməkdədir.
 

Səhiyyə 2013-01-21 13:51:00