×
A
A
A
Sazlamalar

Azərbaycanın xarici işlər naziri Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının gömrük xidmətinin 30 illik fəaliyyəti müddətində göstərdiyi dəstəyə görə ÜGT-yə və təşkilatla səmərəli əməkdaşlığın təmin edilməsində oynadığı rola görə Baş katibə öz minnətdarlığını bildirib. Azərbaycanın xarici işlər naziri Kunio Mikuriyanı dövlətimizin başçısının 2022-ci il yanvarın 28-də imzaladığı müvafiq Sərəncamla “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.
Azərbaycanın Şərqlə Qərb arasında körpü və müxtəlif marşrutların qovşağında yerləşən ölkə qismində strateji mövqeyinə toxunan nazir, ölkəmizin tranzit imkanlarından danışıb. O, indiyədək regionda xüsusilə enerji və nəqliyyat sahəsində beynəlxalq əhəmiyyətli nəhəng layihələrin müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayaraq, hazırkı şəraitin yaratdığı geniş imkanlardan ÜGT-nin də dəstəyindən və təcrübəsindən istifadə etməklə faydalanmağın vacibliyini ifadə edib.
Nazir bölgədə münaqişə sonrası vəziyyətdən danışaraq, iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanların yarandığını və bu xüsusda Azərbaycan tərəfindən konkret addımların atıldığını qeyd edib. O, ölkəmizin regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının təşəbbüskarı kimi çıxış etdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Baş katib Kunio Mikuriya nazir Ceyhun Bayramova səmimi qəbula görə minnətdarlığını bildirib. O, Azərbaycanın xüsusilə gömrük sahəsində yaxşı bir model ölkə olduğunu və bu təcrübədən digər ölkələrin, xüsusilə Avrasiya bölgəsi və Mərkəzi Asiya ölkələrinin faydalanmasını daim tövsiyə etdiyini diqqətə çatdırıb. Baş katib Azərbaycanla Ermənistan arasında əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı etimad yaradan addımların atılmasının, beynəlxalq və regional səciyyəli birgə layihələrin icra edilməsinin vacibliyinə toxunub. O, ÜGT-nin bu prosesə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov Baş katibin Azərbaycan gömrük xidmətinin 30 illiyinin qeyd edildiyi bir tarixdə ölkəmizə səfər etməsini yüksək qiymətləndirdiyini vurğulayaraq, qarşı tərəflə bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Xarici siyasət 2022-01-29 19:42:00