×
A
A
A
Sazlamalar

Cəlilabadda Türkiyədən müalicə olunaraq qayıdan Vətən müharibəsi qazisi Saleh Xəlilovla görüş keçirilib

Cəlilabad, 27 yanvar, Bağır Əliyev, AZƏRTAC

Cəlilabadda Türkiyədən müalicə olunaraq qayıdan Vətən müharibəsi qazisi Saleh Xəlilovla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, bu Qələbədə Silahlı Qüvvələrimizin, onun sıralarında döyüşən cəlilabadlı əsgər və zabitlərin şücaətindən, habelə bu gün ölkəmizdə şəhidlərimizin ailələrinə və qazilərə, eləcə də döyüşçülərə göstərilən dövlət qayğısından danışıblar.
Görüşdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən üçün layiqli övladlar böyüdən Saleh Xəlilovun valideynlərinə minnətdarlığını ifadə edib.
Vətən müharibəsinin qazisi Saleh Xəlilov cəbhə xatirələrindən, döyüş yolundan danışaraq, ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Görüşdə iştirak edən rayon rəsmiləri Vətən müharibəsinin qazisi Saleh Xəlilovun səhhəti, onun ailə problemləri ilə maraqlanıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində MAHHXHQ kimi xidmət edən Saleh Xəlilov Vətən müharibəsində Daşaltı döyüşlərində ağır yaralanıb. O, “YAŞAT” Fondu tərəfindən 2021-ci ilin dekabr ayında Türkiyə Respublikasına müalicəyə göndərilib. Müalicəsini başa vurduqdan sonra Vətənə qayıdıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xəlilov Saleh Aydınəli oğlu “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Saleh Xəlilovun qardaşları - Taleh Xəlilov, Əli Xəlilov və Anar Xəlilov da Vətən müharibəsi iştirakçılarıdır.

Regionlar 2022-01-27 19:30:00