×
A
A
A
Sazlamalar

“Saşka. Əsgərin gündəliyi” filminin rejissoru ilə onlayn görüş keçirilib

Bakı, 27 yanvar, AZƏRTAC

Prezidentin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə keçirilən və Leninqradın faşist blokadasından tamamilə azad olunması günü ilə əlaqədar “Qısametrajlı kino günü – 2021” Ümumrusiya aksiyası çərçivəsində filmlərin nümayişi başa çatdıqdan sonra “Saşka. Əsgərin gündəliyi” filminin rejissoru Kirill Zaytsevlə onlayn görüş təşkil olunub.
AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, tanınmış aktyor, “Qızıl Qartal” mükafatı laureatı Kirill Zaytsevin debüt rejissor layihəsi olan “Saşka. Əsgərin gündəliyi” qısametrajlı hərbi dramı cəbhəçi yazıçı Vyaçeslav Kondratyevin “Saşka” povestinin motivləri əsasında çəkilib. Filmdə Böyük Vətən müharibəsi veteranının öz cəbhə gündəliyini tapmasından və müharibənin qızğın çağında onun başına gələn hadisə ilə bağlı hissləri sanki yenidən yaşamasından söhbət açılır. O vaxt hələ yeniyetmə olan Saşka od-alovun, qan-tərin, palçığın içində alman həmyaşıdını əsir götürür. Düşmən ölümə hazırlaşır, lakin gənc əsgər ona söz verir ki, ruslar əsirləri güllələmirlər. Sonradan qərargahda, döyüş rəfiqəsinin ölümündən kədərlənən batalyon komandiri əsirin güllələnməsini əmr edir. Saşka öz həyatında ən vacib seçim qarşısında qalır. Bu ekran əsəri Kirill Zaytsevin ilk işidir ki, orada həm aktyor kimi, həm də rejissor və prodüser kimi çalışıb.
Bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan filmi izləyən tamaşaçılar bu əsərlə bağlı suallarını rejissora vermək fürsəti əldə ediblər.

Mədəniyyət 2022-01-27 18:02:00