×
A
A
A
Sazlamalar

Ümumdünya Vəhşi Təbiət Fondu yeni aşkar edilmiş 224 bitki və heyvan növünün siyahısını dərc edib

Bakı, 27 yanvar, AZƏRTAC

Ümumdünya vəhşi təbiət fondu (WWF) Çin, Myanma, Laos, Tailand, Kamboca və Vyetnam ərazisindən axan Mekonq çayı hövzəsinin az tədqiq edilmiş ərazilərində yeni aşkar edilmiş 224 bitki və heyvan növündən ibarət siyahını dərc edib.
Onların arasında yeganə məməli heyvanlar – Poup lanqurlarıdır. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, kabusa bənzədən gözlərinin altında ağ dairələri olan bu primatlar Myanmada sönmüş Poup vulkanının sıldırım yamaclarında yaşayırlar.
Alimlər meymunlarla yanaşı, qurbağalar və tritonlar da daxil olmaqla onlarla yeni sürünən və suda-quruda yaşayan növləri, həmçinin balıq və 155 bitki növü, o cümlədən Laosda bitən və quru mövsümdə gövdəsində maye toplamaq qabiliyyətinə malik olan yeganə məlum şirəli bambuk növü aşkar ediblər.
Bütün bu yeni növlər hələ 2020-ci ildə aşkar edilmişdi, lakin o vaxt siyahının dərc edilməsi ilə bağlı qərar təxirə salındı.
Mekonq bölgəsi biomüxtəlifliyi ilə tədqiqatçılar üçün əsl cənnətdir. Orada minlərlə fauna növü tapmaq olar: pələnglər, Asiya filləri və hətta təkbuynuzlular - bəli-bəli, orada Asiya təkbuynuzlusu və ya saola adlanan çox nadir heyvan yaşayır.
Ümumilikdə son siyahı nəzərə alınmaqla, 1997-ci ildən bəri bu bölgədə 3000-dən çox yeni növ aşkar edilib.
İnsanların vəhşi təbiətə getdikcə artan müdaxiləsinə baxmayaraq, Mekonq tropik meşələrində hələ çoxlu açılmamış sirlər var.
Yeri gəlmişkən, yeni növlərin heç də hamısı vəhşi cəngəlliklərdə aşkar edilməyib. Belə ki, düyü yeməklərində ədviyyat kimi istifadə edilən böcəklərin qoxusunu xatırladan və kəskin qoxusuna görə “üfunətli böcək” adlanan, zəncəfil ailəsindən olan bitki, Tailandın şimal-şərqindəki gül dükanında aşkar edilib.

Ekologiya 2022-01-27 18:13:00