×
A
A
A
Sazlamalar

Narkotik vasitələr və pulemyot satmaq istəyən şəxslərə qarşı əməliyyatlar keçirilib

Bakı, 27 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz odlu silah-sursat, eləcə də narkotik vasitələr satmaq istəyən şəxslərə qarşı əməliyyatlar keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən İlqar Əliyev və tanışı Xeyrulla Nəsrullayev Qaradağ rayonunda saxlanılıblar. Onların üzərindən ümumi çəkisi 10 kiloqram 149 qram olan heroin aşkarlanıb. Həmin şəxslər narkotik vasitələri satmaq məqsədilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakinləri İlqar Cəfərzadə və Sərxan Heydərov tutulublar. Onlar birlikdə “PKM” modelli “Kalaşnikov” konstruksiyalı pulemyot silahı satarkən Beyləqan rayonu ərazisində tutularaq Baş İdarəyə gətiriliblər.
Faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2022-01-27 17:55:00