×
A
A
A
Sazlamalar

Zamanında “buster” doza qəbul etmək həm yoluxmanın, həm də poliklinikalarda növbələrlə bağlı yarana biləcək problemlərin qarşısını alacaq

Bakı, 27 yanvar, AZƏRTAC

“Sirr deyil ki, COVID-19-un yeni ştamı olan “omikron”a yoluxanların sayında bütün dünyada artım müşahidə olunur. Məsələn, Fransada yeni antirekord qeydə alınıb ki, son sutka ərzində 500 min yoluxma, gün ərzində 30 min xəstəxanaya yerləşdirilmə baş verib. Eləcə də, Rumıniyada da antirekord qeydə alınıb və gün ərzindən 20 min yoluxma baş verib. Hətta, Rusiyada uşaqlar arasında da yoluxma sayı kəskin çoxalıb. İki həftə əvvəl Moskvada COVID-19-a yoluxmuş uşaqların sayı 2 min idisə, indi bu rəqəm 28 mini ötüb. Yəni, 2 həftə ərzində uşaqlar arasında yoluxma sayı 14 dəfə artıb. Əlbəttə ki, digər ölkələrin də statistikasına nəzər salaq eyni mənzərəni görmüş olacağıq. Məhz, “omikron” ştamının sürətli yoluxdurma xüsusiyyətinə görə bir çox dünya və Avropa ölkələrində yenidən məhdudiyyətlər də tətbiq olunur, hətta vaksinasiyanın məcburiliyi haqqında qanunlar qəbul edilir”. Bunu AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycanda da yoluxmanın sayı bu gün artıq 3 min 300-ü keçib və “omikron” ştamının genetik xüsusiyyətlərini nəzərə alsaq, yoluxma artan xətt üzrə davam edəcək: “Yoluxmanın sürətlə yayılması pandemiyanın ilk ilində yaranmış obyektiv problemlərin yenidən aktuallaşmasına yol aça bilər. Ona görə də, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu mənada, vaksinasiya, xüsusilə də “buster” dozanın qəbulu günün ən vacib məsələsidir. Lakin çox təəssüflər olsun ki, insanlar təhlükəni qabaqlamaq əvəzinə onun mənfi təsirlərinə məruz qaldıqdan sonra tədbirlərə əl atırlar. Elə pandemiyanın tüğyan etdiyi bir zamanda dövlətin vətəndaşlar üçün vaksinasiya şəraiti yaratdığı vaxtda olduğu kimi. Xatırladım ki, bu, o zaman baş vermişdi ki, dünyada vaksin uğrunda mübarizə gedirdi. Amma Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmizə vaksinlər gətirildi. Azərbaycan həmin vaxt demək olar ki, Avropanın inkişaf etmiş ölkələri ilə eyni vaxtda vaksinasiyaya start verdi. Ancaq bəzi insanlarımız yayılan şayiələr ucbatından vaksinasiyadan ya imtina, ya da tərəddüd etdilər. Bu isə sonra “Peyvənd sertifikatı”na görə problemlərə yol açdı”.
“Heç kəsə sirr deyil ki, ötən il “Peyvənd sertifikatı”na görə vaksinasiya olunanlar sona qədər gözlədilər və əksəriyyət eyni vaxtda poliklinikalara üz tutdu. Nəticədə də növbələr, sıxlıq və bundan irəli gələn problemlər yaşandı”, – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu dəfə eyni halın təkrarlanmaması üçün indidən vaksin olunmağa başlamaq lazımdır: “Çünki cəmi 20 gündən sonra – fevralın 15-dən ikinci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Ona görə də tələsmək və vaksinasiya olunmaq, “buster” dozanı qəbul etmək lazımdır. Hər kəs əmin olsun ki, zamanında “buster” doza qəbul etmək həm yoluxmanın, həm də poliklinikalarda növbələrlə bağlı yarana biləcək problemlərin qarşısını alacaq”.

 

Səhiyyə 2022-01-27 17:22:00