×
A
A
A
Sazlamalar

Azərbaycan pandemiya ilə mübarizədə həlledici mərhələyə qədəm qoyub

Bakı, 27 yanvar, AZƏRTAC

Dünyada pandemiya ilə mübarizədə son durum və xəstəliyin gedişindəki müvafiq trendlər və istiqamətlər onu göstərir ki, bəşəriyyət pandemiya ilə mübarizədə yeni bir mərhələyə daxil olub. Bu mərhələ davamlı şəkildə mutasiyaya uğramış virusun nisbətən yüngül kliniki əlamətlərlə gedən formaya çevrilməsi, lakin yoluxuculuq ehtimalının, sürətinin şiddətli artımı ilə xarakterizə olunur. Bu, bir tərəfdən insanların sağlamlığı, xəstəliyin gedişində yaranan ağırlıq baxımından müsbət tendensiya sayılır. Lakin prosesin ən təhlükəli tərəfi ondan ibarətdir ki, yoluxmanın sürəti, intensivliyi kütləvi yoluxmaların sayının artmasına və səhiyyə sisteminin yüklənərək insanlara vaxtında yardım göstərə bilməməsi ucbatından ağırlaşmaların meydana çıxmasına gətirib çıxara bilər. Azərbaycanda pandemiya ilə aparan mübarizəyə diqqət yetirsək, istər xəstəxana infrastrukturunun təkmilləşdirilməsi, istərsə də ilkin səhiyyə xidmətinin göstərilməsi sahəsində atılan addımlar bu təhlükənin qarşısının alınması üçün çox mühümdür. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səyləri nəticəsində biz bu təhlükəni mümkün ola bildiyi qədər neytrallaşdırmışıq və hazırda epidemioloji vəziyyət nəzarət altındadır. Ancaq bu prosesin nəzarətdən çıxmaması üçün ən önəmli vasitə vətəndaşların yoluxmaması və yoluxanların qısa zaman ərzində sağlamlığının bərpa olunmasıdır. Bunun üçün də ən mühüm vasitə peyvəndləmədir. Vaksinasiya prosesi Azərbaycanda bu sürətlə aparıldığına görə biz müsbət nəticələr əldə etmişik.
Bunu AZƏRTAC-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Deputatın sözlərinə görə, hazırda ikinci dozada hədəflənən rəqəmə çatmışıq: “Hədəf qruplarının 70-80 faizinin tam vaksinasiyası aparılıb. Vətəndaşlar ikinci dozanı aldıqdan 6 ay keçdikdən sonra möhkəmləndirici doza almaları çox önəmlidir. Çünki aparılan araşdırmalar göstərib ki, “buster” doza almış insanların yoluxma ehtimalı çox az olur, hətta yoluxarkən belə xəstəliyi yüngül kliniki əlamətlərlə keçirirlər. “Omikron “ştamının sürətlə yayılması və aparılan tədqiqatlar onu göstərir ki, üç dozanı almış insanlar yoluxarlarsa, 4-5 gün ərzində xəstəliyin klinikası özünü sadəcə yuxarı tənəffüs yollarının yüngül əlamətləri şəklində büruzə verir və qısa müddət ərzində bərpa olunur.
M.Məmmədli bildirib ki, Azərbaycanda vaksinasiya prosesi çox düzgün və strateji addımlar hesabına uğurla həyata keçirilir və hər birimiz bu prosesdə yaxından iştirak etməliyik. Bununla özümüzü və ətrafımızdakıları qorumaqla yanaşı, həm də dövlətin möhkəmlənməsinə, iqtisadiyyatın zərər görməməsinə, ümumiyyətlə hər birimizin rifah halının yüksəlməsinə, ən azından enməməsinə səbəb oluruq. Bu baxımdan vaksinasiyada iştirak hər birimiz üçün önəmlidir. Səhiyyə qurumlarının son açıqlamasında da göstərildi ki, ikinci dozanın üzərindən 6 ay keçmiş insanlar “buster” doza ilə peyvəndləndikdən sonra müddətsiz peyvənd sertifikatı alırlar. Bu da onu göstərir ki, biz pandemiya ilə mübarizədə həlledici mərhələyə qədəm qoymuşuq. Bu mərhələ də ondan ibarətdir ki, qarşımızda məhdudiyyətsiz günlər üfüqdə görünməkdədir. Bunun üçün hər birimiz vaksinasiyadan keçməklə və bütün dövlət qurumlarının çağırışları istiqamətində addımlar atmaqla həm dövlətimizin, həm də öz sağlamlığımızın möhkəmlənməsinə töhfə vermiş olarıq.
“Azərbaycanda yoluxma sayı bir neçə gün ərzində 3 mini keçib. “Omikron” ştamının genetik xüsusiyyətlərini nəzərə alsaq, yoluxma artan xətt üzrə davam edəcək. Odur ki, bir daha “buster” dozanın vacibliyini burada qeyd etmək istəyirəm. Fevralın 15-dən ikinci dozadan 6 ay keçən vətəndaşların peyvənd sertifikatının etibarlı hesab edilməməsini nəzərə alaraq həmin vətəndaşlara tibb məntəqələrində sıxlığın yaranmaması üçün “buster” dozanı vurdurmaq üçün poliklinikalara vaxtında müraciət etmələrini tövsiyə edirəm”, - deyə M.Məmmədli qeyd edib.

 

Səhiyyə 2022-01-27 13:59:00