Muxtar respublikada ötən il 854 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb
Naxçıvan, 26 yanvar, AZƏRTAC
Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin məhsulu üçün muxtar respublikada 64259 hektar sahədə əkin aparılıb. Bu da 2020-ci ilin məhsulu üçün əkilmiş sahədən 854 hektar çoxdur.
Taxılçılıq mühüm sahə olaraq diqqətdə saxlanılıb və 2021-ci ilin məhsulu üçün 32721 hektar sahədə taxıl əkilib. Bunun da 31824 hektarı payızlıq, 897 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 20930 hektarında buğda, 11791 hektarında isə arpa əkilib. 2021-ci ildə taxıl zəmilərindən 103 min 372 ton məhsul tədarük edilib.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılıb və 2021-ci ildə 3470 hektar sahədə kartof əkini aparılıb. Bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 229 hektar çoxdur. Əkin sahələrindən 54689 ton kartof yığılıb.
2021-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb, Şərur, Babək və Kəngərli rayonlarında bir il öncəki göstəricidən 7,3 hektar çox olmaqla, ümumilikdə, 52 hektar sahədə tütün əkini aparılıb. Əkin sahələrindən 94,3 ton qurudulmuş tütün tədarük edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 iyul tarixli Fərmanı ilə “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin yaradılması muxtar respublikada toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsi və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olub.
Torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin edilməsində və əkinçilikdə yeni metodların tətbiqində mühüm rolu olan Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi yenidən qurulub.
Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunub. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə göycə məhsullarının satış yarmarkası keçirilib. Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 5 istixana təsərrüfatının və 6 soyuducu anbarın yaradılması, 3 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 1 soyuducu anbarın yaradılması, 1 istixana təsərrüfatının genişləndirilməsi davam etdirilib.
Neftçalada respublika üzrə mövsümün ilk taxıl biçininə start verilib
Ağcabədi kümçüləri mövsümün ilk günündə 957 kiloqram barama təhvil veriblər
Tərtərli kümçülər barama tədarükünə başlayıblar
Lənkəranda ilk çay yığımına başlanılıb FOTO VİDEO
“Yaş baramanın alış qiyməti artırılarsa, bu sahəyə maraq daha çox olar” - zaqatalalı kümçü