×
A
A
A
Sazlamalar

İndiyədək 19 minə yaxın iribuynuzlu heyvan haqqında məlumatlar elektron sistemə daxil edilib

Bakı, 26 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə heyvanların identifikasiyası və qeydiyyatı davam etdirilir. 2021-ci il dekabrın 15-dən 2022-ci il yanvarın 26-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında 18 min 927 sayda iribuynuzlu heyvan identikləşdirilərək həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, identikləşdirilən heyvanlardan 4 min 683-ü Bakı şəhəri, 12 min 182-si Abşeron rayonu, 2 min 62-si isə Sumqayıt şəhərinin payına düşür.
Qeyd edək ki, ölkəmizdə yaradılan Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqları və onların nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması identifikasiya sisteminin əsas funksiyalarıdır. Bu sistem “fermadan süfrəyədək” prinsipinə uyğun olaraq heyvan mənşəli qida məhsullarının izlənilməsinə və təhlükəsizliyinə, insan sağlamlığının təmin olunmasına və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcək.

Sosial 2022-01-26 17:09:00