×
A
A
A
Sazlamalar

Yüksək dağlıq ərazilərdə qar uçqunları ola bilər

Bakı, 26 yanvar, AZƏRTAC

İlin ən soyuq ayı olan yanvarda bu il yağıntıların nisbi bolluğuna baxmayaraq, havanın orta temperaturu iqlim normasından 2,6 dərəcə yuxarı olub. Ümumilikdə isə ötən 25 günün yalnız 4-də temperatur normadan aşağı qeydə alınıb (0,2-1 dərəcə), 21 gün isə orta iqlim göstəricilərindən 0,9 – 4,9 dərəcə yuxarı müşahidə edilib. Yanvarın 7-də isə bu göstərici normadan 6,7 dərəcə yuxarı olub. Yağıntılar daha çox ölkənin şərq hissəsində qeydə alınıb. Burada 25 gün ərzində aylıq normadan 27-43 faiz çox yağıntı düşüb. Bakı və Abşeron yarımadasında isə 11 gün yağıntı qeydə alınıb ki, onun 4-ü sulu qar və qar halında olub.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Xidmət rəisinin sözlərinə görə, növbəti yağıntılı soyuq hava cəbhəsi yanvarın 27-də gözlənilir. Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək. Həmin dövr ərzində bölgələrdə sulu qar və qar halında yağıntıların olacağı proqnozlaşdırılır. Bakıda yağış yağacağı, axşam və gecə saatlarına yaxın isə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu 2-5 dərəcə arasında dəyişəcək. Abşeron üçün belə proseslərdə xarakterik olan şimal-qərb küləyinin yanvarın 27-si güclənməsi, 28-i isə tədricən günün birinci yarısında zəifləməsi gözlənilir. Küləyin maksimal sürəti 20-23 metr/saniyə olacaq. Ayın son günləri isə hava yağıntısız və nisbətən sabit keçəcək. Bakıda hava bəzi saatlarda dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə cənub küləyi güclənəcək. Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər.

Ekologiya 2022-01-26 17:02:00