×
A
A
A
Sazlamalar

İordaniyalı din xadimi: Azərbaycan dinlərarası münasibətlərdə bütün dünyaya örnəkdir

Qahirə, 26 yanvar, AZƏRTAC

İordaniyalı din xadimi, keşiş Muhammed Corc Şrayxa ərəb ölkələrinin mətbuatında Azərbaycanda dinlər və xalqlar arasında münasibətlərə həsr olunmuş məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, İordaniya, Yəmən və Əlcəzairin “Əl Ənbat”, “Əcnədən”, “Cohina”, Nəbd Əl Balad” və “Şaab” mətbu orqanlarında dərc edilmiş məqalədə Azərbaycanın dinlərarası münasibətlərdə bütün dünyaya örnək olduğu vurğulanıb. Müəllif yazıb: “Milad bayramı və ondan sonrakı həftələrdə Qafqazın strateji əhəmiyyətə malik olan lider ölkəsində xristianlara münasibətlə bağlı xəbərləri izlədim. Məlumdur ki, Azərbaycan ərazisində qədim dövrlərdən qalmış çoxlu sayda kilsələr, xristian abidələri mövcuddur. Mən Prezident İlham Əliyevin ölkənin xristian icmasına təbriki ilə də tanış oldum. Dövlət başçısı qeyd edirdi ki, müxtəlif dinlərə mənsub olan insanların mehriban şəraitdə yaşaması, onların hüquqlarının təmin edilməsi cəmiyyətin inkişafının mühüm amilidir. Azərbaycanda müsəlmanların və xristianların bərbər hüquqlara malik olması, onların ölkə həyatının müxtəlif sahələrində tərəqqiyə töhfə vermələri bizi çox sevindirir. 2016-cı ildə Bakıda səfərdə olan Roma Papası Fransisk də Azərbaycan paytaxtındakı katolik kilsəsində müxtəlif dinlərin liderlərinə müraciət etmiş, həmçinin məsciddə olmuşdu”.
M.C.Şrayxa diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin qədim alban kilsələri haqqında müxtəlif dillərdə yaydığı sənədli filmdə maraqlı faktlar, o cümlədən ermənilərin bu ibadət məkanlarını öz adlarına çıxmaları yer alıb. “Mən bu filmə baxdım və öyrəndim ki, qədim alban həvari kilsəsinin Qüds kilsəsi ilə sıx əlaqələri olub. Bu tarixi faktlar tarixçi Musa Kalankatuklunun alban hökmdarı Cavanşirin sifarişi ilə yazdığı “Alban tarixi” kitabında da yer alıb. Həmin mənbələrdə qeyd olunub ki, həvari Faddeyin tələbəsi Yelisey Şəkidəki Kiş məbədinin tikintisindən bəhs edib. İlkin xristianlığa aid bu məbədlər bütün bəşəriyyətin mənəvi sərvətidir.
İordaniyalı din xadimi məqaləsinin sonunda dünyada tolerantlıq və bəşəri dəyərlərə ehtiram nümunəsi olan Azərbaycana sülh və tərəqqi arzulayıb.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Din 2022-01-26 13:41:00