×
A
A
A
Sazlamalar

“Omikron”dan qorunmağın ən səmərəli yolu peyvənd olunmaqdır

Bakı, 26 yanvar, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamının yüksək yoluxduruculuq xüsusiyyəti virusa yoluxanların sayında artıma səbəb olub. Mütəxəssislər yoluxmaların qarşısını müəyyən qədər almaq və ağırlaşmalardan qorunmaq üçün sanitar-gigiyenik qaydalara əməl etməyə və “buster” doza vurdurmağa çağırır. Onlar qeyd edirlər ki, əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində ölkəmizdə epidemioloji vəziyyəti müəyyən qədər sabit saxlamaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva viruslardan qorunmaq üçün peyvəndləmənin əhəmiyyəti barədə danışarkən deyib.
Onun dediyinə görə, profilaktikanın müalicədən daha əhəmiyyətli olması tibbin qızıl qaydalarından biridir: “Xəstəliyi müalicə etməkdənsə, xəstənin həmin xəstəliyə yoluxmasının qarşısını almaq lazımdır. Bunun üçün profilaktik tədbirlərə vaxtında başlamaq vacibdir. Bu, bütün xəstəliklər, eləcə də COVID-19 üçün keçərlidir. COVID-19 infeksiyasının ən vacib profilaktikası isə vaksinasiyadır. Son həftələrdə ölkəmizdə qeydə alınan “omikron” ştamının yoluxduruculuğu yüksək olsa da, xəstəliyin gedişi zəifdir. Ona görə də hospitalizasiya olunan xəstələrin sayı daha azdır. Peyvənd olunanlar isə “omikron” ştamına yoluxarkən xəstəliyi daha yüngül keçirirlər”.
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirov qeyd edib ki, “omikron” ştamının genetik xüsusiyyətləri nəzərə alınaraq vətəndaşlardan səhiyyə qurumlarının virusa yoluxma riskini azaldan göstərişlərinə əməl etmək xahiş olunur: “Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən səmərəli yolu vaksinasiyadır. Səhiyyə qurumları vətəndaşları yayılan yeni ştamdan qorunmaq üçün “buster” doza ilə vaksin olunmağa çağırır”.
Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasına son sutkada 2468 yoluxma faktı qeydə alınıb. İndiyədək isə ölkədə ümumilikdə 636 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 617 min 791 nəfər müalicə olunaraq sağalıb, 8632 nəfər vəfat edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 845 min 510, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 217 min 380, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 732 min 155 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 895 min 975 nəfər təşkil edir.

Səhiyyə 2022-01-26 13:07:00