×
A
A
A
Sazlamalar

“SOCAR Polymer” şirkəti Moskvada keçirilən beynəlxalq sərgidə iştirak edir VİDEO

Moskva, 26 yanvar, AZƏRTAC

“SOCAR Polymer” şirkəti Moskvada keçirilən 24-cü “Interplastica 2022” beynəlxalq sərgisində iştirak edir.
AZƏRTAC xəbər verir ki, Moskvadakı “Expocenter” sərgi mərkəzində Rusiyanın polimer sahəsində ən böyük sərgilərindən biri olan “Interplastica 2022” işinə başlayıb. Sərgidə “SOCAR Polymer” şirkəti öz stendini təqdim edir.
“SOCAR Polymer” və “SOCAR Rus” şirkətlərinin mütəxəssisləri 4 gün davam edəcək sərgidə ziyarətçilərə təklif olunan məhsullar, habelə çatdırılma şərtləri barədə ətraflı məlumat verəcəklər. Bundan əlavə, polipropilen və yüksəksıxlıqlı polietilenin yeni markaları əsasında istehsal edilmiş hazır məhsul nümunələri də təqdim olunur.
Son illər ərzində bir çox nailiyyətlərə imza atmış “SOCAR Polymer” şirkəti 2021-ci ildə satış həcmlərini 2 dəfə artıraraq, satışdan gəlir göstəricilərini rekord səviyyəyə çatdırıb. Şirkət öz məhsullarını yük maşınları, dəmir yolları və gəmilərlə dünyanın 14 ölkəsinə ixrac edib. Satışlardan əldə edilmiş ümumi gəlirin 252 milyon ABŞ dolları ixracın payına düşür ki, bu da 2021-ci ildə qeyri-neft məhsullarının ixracından respublika üzrə əldə edilmiş gəlirin təxminən 10 faizini təşkil edib. 2021-ci ildə “SOCAR Polymer”in məhsul istehsalı təqribən 44 faiz artaraq 205 min ton olub.
Ənənəvi olaraq, sərgiyə plastik və kauçuk istehsalı sektorlarında innovativ məhsullar, texnologiya və həllər təqdim edən bir çox Rusiya və xarici şirkətlər qatılıb.
İki il fasilədən sonra yenidən açılmış “Interplastica 2022” sərgisi öz ziyarətçilərini təkcə məhsul nümunələrinin müxtəlifliyi və şirkətlərin stendlərində nümayiş etdirilən istismar avadanlıqlarının miqyası ilə deyil, həmçinin işgüzar proqramlar çərçivəsində qaldırılan mövzuların aktuallığı ilə də cəlb edir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Neft - qaz 2022-01-26 12:04:00

Video