×
A
A
A
Sazlamalar

Ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb

Bakı, 25 yanvar, AZƏRTAC
Sosial şəbəkədə xarici turistlərin qanunsuz ov etmələri ilə bağlı yayılan foto və video görüntülər əsasında aparılan araşdırma başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı ovun Qətər vətəndaşı Nayef EID M.T.AL-THANI tərəfindən ona icazə verilən ovçuluq təsərrüfatının ərazisində deyil, Hacıqabul rayonunun Padarçöl ərazisində bəzgək və digər çöl quşlarını ovladığı müəyyən edilib.
Faktla əlaqədar qanun pozucusu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2950 manat məbləğində cərimə tətbiq olunub.
Xidmət rəisi onu da bildirib ki, 2021-2022-ci illərdə ölkəmizdə ov mövsümü ərzində qaydaları pozan 37 xarici vətəndaş əməkdaşlar tərəfindən cərimələnib.

Ekologiya 2022-01-25 18:40:00