×
A
A
A
Sazlamalar

Azərbaycanın müdafiə naziri Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Finlandiya Xarici İşlər Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livalanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.
Nazir Azərbaycan-Finlandiya hərbi əməkdaşlığının NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində uğurla həyata keçirildiyini bildirib.
Xanım M.Livala Finlandiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı ölkələrimiz arasındakı münasibətlər, regionda sülhün və sabitliyin gücləndirilməsi, eləcə də digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Ordu 2022-01-24 13:31:00