×
A
A
A
Sazlamalar

İnformasiya Texnologiyaları İnstitutunda gənc tədqiqatçıların elmi fəaliyyətinə dəstək göstərilir

Bakı, 24 yanvar, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminarda fəlsəfə doktorluğuna iddialı olan daha 3 tədqiqatçının dissertasiya işlərinə dair müzakirələr aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, öncə İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Əhməd Əhmədzadə “Plagiatlığın aşkarlanması üçün mətnlərin intellektual analizi metodlarının işlənilməsi” mövzusunda dissertasiya işini təqdim edib. Məruzəçi diqqətə çatdırıb ki, tədqiqat işinin məqsədi mətn plagiatlığını daha yüksək dəqiqliklə aşkarlamaq üçün yeni metodların işlənilməsi və mövcud metodların təkmilləşdirilməsidir.
Sonra institutun doktorantı Türkan Həsənova “E-dövlətin idarə olunmasının təkmil demokratik modellərinin işlənilməsi” mövzusunda dissertasiya işi ilə çıxış edib. Qeyd edib ki, bu dissertasiya işinin məqsədi e-dövlətin idarə olunmasının təkmil demokratik modellərinin işlənilməsindən ibarətdir.
Daha sonra “Kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda məruzə dinlənilib. Mövzuya dair çıxış edən institutun doktorantı Araz Mustafa dissertasiya işinin kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyi sahəsində aktual elmi-nəzəri problemlərin analizi, fərdi məlumatların təhlükəsizliyinin analizi üçün modellərin işlənilməsi, təhdidlərin aşkarlanması və qarşısının alınması metodlarının işlənilməsi, onların təhlükəsizliyinin təmin olunması üçün sistematik texniki təlimatın hazırlanmasına həsr olunduğunu vurğulayıb.
Hər bir tədqiqatçının dissertasiya işi ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev elmi kadr hazırlığı və gənclərə dəstək göstərilməsinin rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edib. Bu baxımdan institutda gənc tədqiqatçıların elmi fəaliyyətinin monitorinqinin aparılması, doktorant və dissertantların elmi fəaliyyətinin müzakirəsinə həsr olunmuş seminarların müntəzəm olaraq keçirilməsinin, eləcə də bu prosesdə hər bir alimin fəal rolunun əhəmiyyətini vurğulayıb.

Texnologiya 2022-01-24 11:24:00