×
A
A
A
Sazlamalar

Moldovada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

Kişineu, 20 yanvar, AZƏRTAC

Ölkəmizin Kişineudakı səfirliyində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimə Qanlı Yanvar faciəsinin ildönümünü qeyd etmək və Vətənimizin azadlığı naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Moldovada yaşayan çoxsaylı soydaşlarımız, müxtəlif icma nümayəndələri, moldovalılar qatılıblar.
Anım tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səfirliyin önündə faciə qurbanlarının xatirəsinə həsr edilmiş guşə önünə çiçəklər düzülüb.
Eyni zamanda, MAK-ın sədri Elçin Bayramov, faciənin şahidi olmuş azərbaycanlı icmanın üzvləri çıxış edərək bu qanlı tarixin gənc nəsillər tərəfindən anılmasının vacib olduğunu vurğulayıblar. Natiqlər çıxışlarında sovet ordusu hissələrinin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində yüzlərlə dinc əhalinin amansızlıqla qətlə yetirildiyini, bu qırğının xalqın iradəsini sarsıtmadığını, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının fədakarlıqlarının xalqımızın tarixinə yeni parlaq səhifə yazdığını, faciəyə bir neçə il sonra yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan tarix boyu ağır sınaqlardan keçib, 2020-ci ildə növbəti hərbi təcavüzə məruz qalıb, 30 ilə yaxın davam edən erməni işğalına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü və xalqın birliyi sayəsində son qoyulub, torpaqlarımız işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Sonda, 1990-cı ilin 20 yanvarında milli birliyimizin qalib gəldiyi tarixin Zəfər gününə gedən yolun başlanğıcı olduğu vurğulanıb.
Tədbir Moldovanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Eyni zamanda, səfirliyin önündə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Qanlı Yanvarda törədilmiş görünməmiş qəddarlığı əks etdirən tarixi fotoşəkillər sərgilənib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Diaspor 2022-01-20 18:29:00