×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi xalqımızın mübarizliyini, əyilməzliyini bir daha dünyaya nümayiş etdirdi

Zaqatala, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Böyük itkilər və günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciənin səbəbkarlarını lənətləyir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar yanvarın 20-də Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib, abidənin önünə qərənfillər düzüblər. Anım tədbirinin iştirakçıları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının məzarlarını da ziyarət edib, şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildirib, müqəddəs ruhları qarşısında baş əyiblər.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri daha sonra şəhidlərin xatirəsinə Zaqatala şəhərində ucaldılmış Zəfər kompleksini də ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məscidlərdə şəhidlərin ruhuna dualar oxunub.

 

Regionlar 2022-01-20 17:27:00