×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirib

Bakı, 20 yanvar, AZƏRTAC

Yanvarın 20-də Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatı Mingəçevir Gənclərin İnkişafı və Karyera Mərkəzi (GİKM) ilə birlikdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Hədəf 5%” proqramı çərçivəsində “Tarixi qan yaddaşı” adlı tədbir keçirib. Tədbirdə MDU-nun bir qrup tələbəsi və gənc əməkdaşı, GİKM-in üzvləri iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbir 32-ci ildönümünü andığımız 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə 20 Yanvar faciəsinin heç zaman unudulmayacağı və qanlı hadisə barədə məlumatın gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb, dəhşətli cinayətin təfərrüatlarından danışılıb. Bu faciənin, eyni zamanda, xalqımızın qəhrəmanlıq dastanı olduğu vurğulanıb. Tədbirdə tələbələrin ifasında həmin hadisələrə həsr olunan şeirlər və musiqilər səsləndirilib.
MDU-nun Tələbə Gənclər Təşkilatının fəaliyyətində vətənpərvərlik ruhunun inkişafı və Azərbaycan tarixinin öyrənilməsi məsələləri diqqət mərkəzində saxlanılır.

Regionlar 2022-01-20 17:26:00