×
A
A
A
Sazlamalar

Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Sumqayıt, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsindən 32 il ötür. Ümumxalq Hüzn Günü Sumqayıt şəhərində də qeyd olunub.
Anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, xiyabanda şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmçinin Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılan “Qalib əsgər” abidəsi və Vətənimizin qəhrəman övladlarının məzarları ziyarət edilib.
1990-cı ilin Yanvar hadisələri zamanı, Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət olunub.

Regionlar 2022-01-20 17:00:00